3 C
Baku
Saturday, December 14, 2024

Manatı hansı aqibət gözləyir?

Türkiyə lirəsinin rekord düşüşü davam edir. Bu gün 1 dollar almaq üçün 5.27 lirə ödəmək lazımdır. Digər qonşumuz Rusiyada rubl müqavimət göstərməkdə davam etəsə də, Avrozonanın vahid valyutası ucuzlaşmaqda davam edir. Cənub qonşumuzda isə “dollar panikası” yaşanmaqdadır.

Bu proseslər manatın məzənnəsinə necə təsir edəcək?

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov öz “Facebook” səhifəsində bu məsələni şərh edib. Onun fikrincə, lirənin ucuzlaşması Türkiyə — ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiya tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır.

“Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə bağlı makroiqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələrin gözləntiləri doğrultmaması konteksində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır” — deyə ekspert qeyd edir.

Bayramov düşünür ki, qonşu ölkələrdəki valyuta krizisi manatın məzənnəsinə təsirsiz ötüşməyəcək: “Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan Fond ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dolların tələbin artıdığından xəbər verir”.

İqtisadçının fikrincə, idxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənilir: “Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərisində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir”.

“Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da, qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil”

— o yazır.

Bu baxımdan V.Bayramov hesab edir ki, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil: “Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir”.

Mütəxəssisin fikrincə, əgər lirə daha kəskin ucuzlaşarsa, o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir: “Növbəti aylarda isə, məsələn, dekabrda dollara tələbin artacağı gözlənilir. Bu, həmin özəl və dövlət müəsssisələrinin xarici borc öhdəliklərini yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlarla bağlıdır”.

“Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır. Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir” — deyə ekspert vurğulayır.

Son xəbərlər
Digər xəbərlər