Google internet şirkəti bazar kapitalizasiyasına görə nəhəng şirkətlər reytinqində nəhəng neft şirkəti olan ExxonMobil-i ikinci pillədən endirərək özü bu pilləyə sahib olmuşdur. Google şirkəti ilk dəfədir ki, bu pilləyə sahib olur.
ABŞ birjalarında ticarət sessiyalarının yekunlarına görə, 10 fevralda Google şirkətinin bazar kapitalizasiyası 394 milyard dollar təşkil etmişdir. ExxonMobil şirkətinin bazar dəyəri isə 388 milyard dollar olaraq qiymətləndirilir. Hər iki şirkətin birja kotirovkaları 10 fevralda enmişdir.
Bazar kapitalizasiyasına görə dünyanın ən bahalı şirkətləri reytinqinə isə Apple şirkəti başçılıq edir. Apple şirkətinin dəyəri isə 10 fevralda 472 milyard dollar təşkil etmişdir. Apple şirkəti 2011-ci ildə ExxonMobili geridə qoyaraq ilk pilləyə sahib çıxmışdır. Sonrakı illərdə ExxonMobil bir neçə dəfə Apple şirkətini geridə qoymağı bacarmışdı, lakin iPhone istehsalçısı öz statusunu geri qaytarmağı bacardı.