“Əminəm ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların – həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq”, ölkə prezidenti İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində deyib.
Azərtac yazır ki, “nə qədər çox turist gəlsə, ölkəmizə o qədər də çox pul gələcək”, deyən prezident vurğulayıb ki, son illər Azərbaycana turist səfərində artım var:
“Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir”.
Lahıca yenicə təbii qaz verilib və qəsəbəni Şamaxı ilə birləşdirən avtomobil yolu çəkilib.
Ötən həftənin bazar günü Lahıca gedən İlham Əliyev yerli sakinlərlə görüşündə deyib ki, dəfələrlə dəvət olunsa da, o, Lahıca “əliboş gəlmək istəməyib”.
Prezident qəsəbəyə təbii qaz xəttinin çəkilməsini və yeni istifadəyə verilən Dəmirçi-Lahıc avtomobil yolunu “tarixi layihə” kimi qiymətləndirib, yolun Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirməsinin əhəmiyyətindən danışıb:
“Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə də getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür”.
O, Lahıcın Azərbaycandakı turizm sektorunda xüsusi çəkisinin olduğunu vurğulayıb:
“Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur”, prezident əlavə edib.
İlham Əliyevin sözlərinə görə, qaz xətlərini çəkmək “həm maliyyə, həm texniki” baxımdan çox çətin məsələdir: “Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik”, o deyib.
Prezidentin Lahıca səfəri zamanı yeni məktəbin də açılışı olub. İlham Əliyev deyib ki, hazırda məktəbdə 200 şagird təhsil alsa da, o, 400 şagirdə hesablanıb:
“Gələcəkdə əhali artacaq, uşaqların sayı artacaq. Elə məktəb tikmişik ki, gələcəkdə də Lahıc qəsəbəsinin ehtiyacını tam ödəsin”.







