2 C
Baku
Saturday, December 14, 2024

OMXÇ 2020 və 2021-ci illərdə büdcənin tərtibi prosesində tətbiq olunacaq, Nazirlik deyir

Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi üçün ilkin olaraq büdcə təşkilatlarında strateji planlaşdırma potensialının gücləndirilməsi mühüm şərtdir. Məhz buna görə də OMXÇ-nin tətbiq edilməsi 2020 və 2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur.

Bu barədə Banker.az-a Azərbaycan Maliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, dövlət qurumları arasında daha çevik kommunikasiya və məlumat mübadiləsinə əsaslanan OMXÇ-nin tətbiqi makroiqtisadi koordinasiyanı daha da gücləndirəcək və dövlət vəsaitlərinin daha səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq:

“Beynəlxalq təcrübə, ölkə iqtisadiyyatının xüsusiyyətləri və həyata keçirilən digər fiskal islahatlar da nəzərə alınmaqla hazırlanmış OMXÇ Qaydası dövlət maliyyə idarəedilməsinin təkmilləşdirilməsi vasitəsilə makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edəcək”.

Qeyd edək ki, bu il avqustun 24-də Prezident İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) hazırlanması və bu zəmində nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədi ilə “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilib.

Qaydaya əsasən, OMXÇ-nin əsas məqsədi makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılmasıdır.

Nazirliyin açıqlamasında deyilir ki, OMXÇ-nin hazırlanması büdcənin tərtibi prosesinin birinci – strateji mərhələsini təşkil edir.

“Bu məqsədlə cari büdcə ilinin ilk yarısında ortamüddətli dövr üçün məcmu resurs zərfi və milli xərc prioritetləri hökumət tərəfindən müəyyən edilir və bu əsasda büdcə təşkilatları öz strateji planlarını, davam etməkdə olan layihələr və yeni siyasət təşəbbüsləri (YST) üzrə cari və əsaslı xərclərinə dair sifarişlərini hazırlayaraq təqdim edirlər. Ortamüddətli resurs zərfi cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnozlarını, həmçinin büdcə təşkilatlarının strateji planlarını nəzərə almaqla tərtib edilir. OMXÇ sənədinin tərkib hissəsi olaraq hazırlanan digər mühüm sənəd isə milli xərc prioritetləridir. Milli xərc prioritetləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri, sektor strateji planları, həmçinin büdcə təşkilatlarından daxil olmuş YST-lə aydın şəkildə əlaqələndirilməklə tərtib olunur”, – açıqlamada bildirilir.

Son xəbərlər
Digər xəbərlər