7 C
Baku
Thursday, December 12, 2024

Xaricdən telefon sifariş verənlər niyə növbə gözləyir? – RƏSMİ

Xəbər verdiyimiz kimi, ötən aydan başlayaraq mobil cihazların qeydiyyatı üçün Nazirlər Kabinetinin qərarı ilə yeni rüsumlar tətbiq olunur.

Banker.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq şəxsi istifadə üçün telefon gətirənlər telefonun qiymətindən asılı olaraq 20 manatdan 150 manatadək rüsum ödəyirlər.

Ancaq elektron ticarət vasitəsilə mobil telefon sifariş edənlər indi yeni situasiya ilə üz-üzə gəliblər.  Çindən və ya Dubaydan sifariş etdikləri mobil telefonlarını Poçt Daşıma Mərkəzindən təhvil almağa gedən vətəndaşlar günlərdir növbədə dayandıqlarını bildirirlər.

Bu arada qeyd edək ki, sözügedən növbə prosesi ilə bağlı sosial şəbəkələrdə videolar da yayılıb. Onlar prosesin ləng getməsindən şikayətçidirlər. Telefonları təhvil almaq üçün  tək ünvanın Droqal döngəsi 702 olması da onları  narahat edən amildir.

Bir neçə gün əvvəl Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də mövzu ilə bağlı yazısında qeyd etmişdi ki, Poçt Daşıma Mərkəzində DGK-nın geniş tərkibdə yeni komandası çalışır: “Nəqliyyat, Rabitə və Yüsək Texnologiyalar Nazirliyi onlar üçün burada, modern səviyyədə olmasa da, iş şəraiti yaradıb, otaqlar ayırıb. Əslində kommersiya məqsədi ilə telefon gətirənlərin qarşısını almağa yönələn NK-nın yeni qərarında şəxsi və ya kommersiya məqsədi ilə gətirilənlərin aşkara çıxarılması üçün hər hansı mexanizm nəzərdə tutulmadığından DGK kütləvi olaraq adı çəkilən ölkələrdən gələn bağlamalara baxış keçirir. Burada yerləşən poçt qurumları bağlamaları, necə deyərlər vətəndaşlara deyil, birbaşa DGK-ya təhvil verir.

Bütün telefonlar, şəxsi və ya kommersiya məqsədi ilə gətirilməsindən asılı olmayaq DGK tərəfindən qeydə alınır. Gömrük əməkdaşları, daxil olan hər bir bağlamanı açır və oradakı hər bir telefon üçün, uzun-uzadı sadələşdirilmiş bəyannamələri (kim gətirib, hardan gəlib, İMEİ kodu, dəyəri və s.) kompüterə daxil edirlər. Növbəlilik prosesinə də DGK nəzarət edir.

Ədalət naminə demək lazımdır ki, burada hansısa rüşvət və ya korrupsiya ilə bağlı halların olmadığını bildirilir. Sadəcə, bütün qeydiyyat və telefonların əldə edilməsi prosesləri primitiv qaydada icra olunur.

Yeni metodun tətbiqindən sonra əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, DGK “şəxsi məqsədlər” bəyannaməsi ilə, əslində isə kommersiya məqsədləri üçün ölkəyə gətirilməsi şübhə yaradan külli miqdarda telefonlar aşkar edib. Ölkəyə gətirilən çox sayda telefonların alınması ilə bağlı ödənişlərin birbaşa xaricdə həyata keçirilməsi onların əsil sahiblərini də aşkara çıxarmağa mane olduğu bildirilir”.

Problemlə bağlı Dövlət Gömrük Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, fiziki şəxslər tərəfindən  poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən mobil telefonların vətəndaşlara təhvil verilməsi zamanı Poçt Daşıma Mərkəzində növbələrin yaranmasına görə gömrük orqanları hər hansı məsuliyyət daşımır.

Lakin gömrük vergi və rüsumlarından yayınaraq asan yolla qazanc əldə etmək istəyən və xüsusi şəbəkə şəklində fəaliyyət göstərən bəzi şəxslər onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar sifariş verir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər.

Bu yolla ölkə ərazisinə gətirilən mobil telefonların qanunvericiliyə görə yalnız  sifariş edən şəxsə təhvil verilməsi məcburiyyəti yarandığından, faktiki olaraq xarici ölkədən adına mobil telefon sifariş edilən şəxslər şəbəkə üzvləri tərəfindən kütləvi şəkildə Poçt Daşıma Mərkəzinə gətirilir və bu zaman qısa müddətli sıxlıqların yaranması baş verir ki, bu da təbii hal kimi qəbul olunmalıdır.

Onu da qeyd edək ki, gömrük orqanlarının apardığı araşdırma zamanı  bir çox hallarda sənədlərdə adı çəkilən şəxslərin faktiki olaraq sifarişlərdən xəbərsiz olduğu müəyyən edilib.

Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır.

Digər tərəfdən gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir. Bu kimi hallar da xüsusi araşdırma tələb etdiyindən əlavə vaxt itkisi yaranmasına səbəb ola bilər.

Ümumilikdə isə Poçt Daşıma Mərkəzində gömrük işinin təşkili şəffaf, yüksək xidmət mədəniyyəti səviyyəsində qurulub və vətəndaşların rahatlığının təmin olunması üçün bütün zəruri addımlar atılır.

“Azərpoçt”dan mövzu ilə bağlı açıqlamada qeyd edilib ki, Azərbaycana gün ərzində təqribən  5 000 -ə qədər poçt göndərişi daxil olur:

“Bunların 80%-i elektron ticarət məhsullarıdır. “Elektron ticarət”in inkişafı poçt operatoru üçün gəlir mənbələrindən biridir. Belə ki, hər bir poçt göndərişi üçün ayrı – ayrılıqda xarici ölkələrdən həm çəkiyə, həm də ədədə görə  rüsum alınır. Belə olan halda, milli poçt operatoru olan “Azərpoçt” MMC poçt göndərişlərinin gecikdirilmədən opetariv olaraq vətəndaşa  çatdırılmasında maraqlıdır.

Aydın olsun deyə qeyd edək ki, mobil cihazların qeydiyyatı (IMEI qeydiyyat) və bununla əlaqədar müvafiq ödənişlərin qəbulu Poçt Daşıma Mərkəzi (PDM) tərəfindən deyil, poçt şöbələri, “Şəbəkə” xidmət mərkəzləri tərəfindən və eyni zamanda, onlayn qaydada  həyata keçirilir”.

Poçt Daşıma Mərkəzində vətəndaşların növbəsinin yaranmasına gəlincə isə bildirilib ki, bu yaxınlarda poçt vasitəsi ilə ölkəyə gətirilən elektron ticarət məhsulları ilə bağlı gömrük prosedurları təkmilləşdirilib:”Hazırda ay ərzində 2 ədəddən artıq telefon  gətirən şəxslərin malları gömrük rüsumuna cəlb edilir. Hər bir şəxs ay ərzində 1000 ABŞ dolları dəyərində mal gətirə bilər. Qiymətindən asılı olmayaraq eyni maldan təkrar-təkrar gətirilməsi isə gömrük proseduruna cəlb edilir.

Sifarişçilərin sənədlərinin düzgün təqdim etməməsi, şəxsiyyət vəsiqəsinin  sürətinin, bankdan çıxarışın  və ya izləmə kodunun olmaması, qayda ilə müəyyən olunandan daha çox sifarişlər etməsi göndərişin müvafiq orqanlar tərəfindən araşdırılmasını zəruri edir. Bu kimi hallar əlavə vaxt itkisinə və uzun növbələrə gətirib çıxarır. Bu da şəxsi istifadə məqsədi ilə məhsul sifariş edən vətəndaşların haqlı narazılığına səbəb olur.

“Azərpoçt” MMC-nin üzv olduğu  Ümumdünya Poçt İttifaqının (ÜPİ) konvensiyasına əsasən, gömrük tərəfindən tətbiq edilmiş qərarlara poçt operatoru müdaxilə edə bilməz. “Azərpoçt” artıq Ümumdünya Poçt İttifaqına Gömrük Bəyannamə Sistemi (CDS) vasitəsilə mal tərkibli poçt göndərişlərinə dair elektron gömrük bəyannamələrinin mübadiləsi ilə bağlı müraciət edib. Hazırda 42 ölkənin poçt operatoru ilə CDS sistemində məlumat müvadiləsinə hazırlıq işləri gedir. Bu sistem poçt vasitəsilə daşınan elektron ticarət məhsulları sifarişçilərini hazırki bir sıra əlavə proaedurlardan azad edəcək”.

Sorğumuza cavabda növbə sisteminin qarşısını almaq üçün əlavə mərkəzlərin açılması məsələsinə də toxunulub:

“Poçt Daşıma Mərkəzinin emal olunan poçt göndərişlərinin həcmi və mövcud resurslar nəzərə alınarsa Azərbaycanda analoji hər hansı bir yeni mərkəzin yaradılmasına ehtiyac yoxdur. Poçt Daşıma Mərkəzinin birinci mərtəbəsində həm poçt, həm də gömrük xidmətlərinin fəaliyyəti üçün xüsusi yer ayrılıb. Hazırda həmin yerdə operativ xidmət üçün tam müasir standartlara cavab verən şərait yaradılır”.

“Azərpoçt” tərəfindən vətəndaşın mobil telefonuna göndərilən SMS sisteminin ləğv edildiyi barədə yayılan məlumata isə belə münasibət bildirilib:

“Azərpoçt MMC”  poçt göndərişi ilə bağlı SMS xəbərdarlıq xidmətini ləğv etməyib. Xəbərdarlıq SMS-ləri PDM-də çeşidlənərək poçt şöbələrinə göndərilən poçt göndərişləri üçün nəzərdə tutulub. Bu yeni qaydalara görə, araşdırmaya cəlb olunan göndərişlərə şamil edilmir. Hazırda SMS  sistemi təkmilləşdirilir. Artıq,  mübadilə məntəqəsində sifarişi saxlanılan vətəndaş da öz  məhsulu ilə bağlı məlumat əldə edə biləcək.

Aparılan təhlillər göstərir ki, poçt vasitəsi ilə, sifariş olunan elektron ticarət məhsullarının heç də hamsı şəxsi istifadə üçün ölkəyə gətirilmirdi. Müvafiq qaydalara uyğun olaraq tətbiq edilən prosedurlar və yoxlamalar nəticəsində, digər məqsədlər üçün ölkəyə gətirilən elektron-ticarət məhsullarının qarşısı alınıb. Hazırda daha çox şəxsi istifadə məqsədi ilə, sifarişlər üstünlük təşkil edir ki, bu da uzun növbələrin azalmasına gətirib çıxarıb. “Azərpoçt” MMC tərəfindən  elektron ticarətin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər deməyə imkan verir ki, vətəndaşlar yaxın zamanda daha yüksək xidmətlərdən yararlana biləcəklər”.

Son xəbərlər
Digər xəbərlər