Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb. Gələn aydan həmin ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq.
Banker.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
O qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq:
“Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək”.
Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib.
S.Babayev bildirib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək və bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.