Dünyanın ən populyar mobil əməliyyat sistemi olan “Android” on yaşını qeyd edir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, smartfon istehsalçıları və operatorlar tərəfindən təqdim edilən məlumatlar “Google” şirkətinə məxsus əməliyyat sisteminin liderliyini sübut edir. Hesablamalara görə, dünyada smartfonların 88 faizi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Məlumata görə, əsas rəqib – “Apple” şirkətinin “iOS” əməliyyat sisteminin payı 11,9 faiz təşkil edir. Təxminən 1 faiz digər əməliyyat sistemlərinin payına düşür.
“Android” sisteminin uğuru onun tərtibatçılar və bazar üçün açıq olması, eləcə də sistemin idarəetməsi ilə işləyən qurğuların nisbətən ucuzluğu ilə izah edilir.
Qeyd edək ki, “Android” əməliyyat sisteminin ilk versiyası 23 sentyabr 2008-ci ildə buraxılıb. “Android” sistemi ilə işləyən ilk qurğu “HTC” şirkətinin istehsal etdiyi “T-Mobile G1” smartfonu olub. On il ötəndən sonra “Google” şirkəti əməliyyat sisteminin daha 8 nəslini buraxıb. Hazırda onlardan ən aktualı “Android 9.0 Pie” adlanır.