“Spotify”, “Deezer” və digər şirkətlər Avropa İttifaqı ölkələrinin hökumətini ABŞ-ın “Google”, “Apple” və “Amazon” kimi texnologiya nəhənglərinin ədalətsiz biznes təcrübəsinə qarşı hazırlanmış qanun layihəsini daha da sərtləşdirməyə çağırıblar. Bazar ertəsi günü birgə ünvanlanan məktubda sənaye liderləri, oyun developerləri və naşirlər hüquqşünasları imkandan istifadə etməyə və qanun layihəsini yenidən yazıb işləməyə səsləyiblər.
“Spotify”ın baş icraçı direktoru Daniel Ek və “Deezer”in baş icraçı direktoru Hans-Holqer Albreçin birlikdə imzaladığı müqavilədə “Google” kimi nəhəngi dominant mövqeyindən istifadə edərək rəqəmsal iqtisadiyyatda qapıçı rolunu tutmaqda ittiham edirlər.
Bəs ABŞ-Azərbaycan biznes mühitində bu cür problem yaşanıbmı? İnhisarçı xarici və yerli şirkətlərlə necə mübarizə aparılır?
Hüquqşünas Xəyal Bəşirov mənbəyə* açıqlamasında bildirib ki, ABŞ şirkətləri sürətlə inkişaf etdikləri üçün özlərini inhisarçı kimi aparır. Belə ki, onlar özlərinə rəqib olan şirkətləri bazardan sıxışdırıb çıxarırlar.
X. Bəşirovun sözlərinə görə, bu şirkətlər dünyada ABŞ-ın siyasətinə uyğun olaraq özlərini hegemon aparmağa çalışır və bunu bazar iqtisadiyyatı müstəvisində reallaşdırmaq istəyirlər. O vurğulayıb ki, Avropa İttifaqındakı bəzi şirkətlər ABŞ nəhəngləri ilə rəqabət apara bilmədikləri üçün daha təhlükəsiz bazar axtarırlar.
Qanunvericiliklə bağlı sualı cavablandıran hüquqşünas deyib ki, Azərbaycanda bu sahədə müəyyən normalar mövcuddur: “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin 13 iyul 2016-cı il tarixli Sərəncamı var.
Bu sərəncamın mahiyyəti iqtisadiyyatın davamlılığı, sağlam rəqabətin aparılması sahəsində sistemli fəaliyyət göstərilməsindən ibarətdir. Burada həm Azərbaycan daxilində, həm də beynəlxalq şirkətlərlə münasibətdən söhbət gedir. Sərəncamda dövlətimizin diqqət mərkəzində olan qeyri-neft sektoru, texnologiya, kənd təsərrüfatı sahəsində iqtisadi inkişafın əldə edilməsi nəzərdə tutulur”.
X. Bəşirov həmçinin deyib ki, Cinayət Məcəlləsində də sırf bu sahəyə aid olan maddə var. Məcələnin 199-cu maddəsində inhisarçılıq edən fiziki və hüquqi şəxslərin necə məsuliyyətə cəlb edilməsi qaydası göstərilib.
X. Bəşirov vurğulayıb ki, bir şirkət bazarda öz mövqeyini gücləndirdikcə yeni yaranmış iqtisadi subyektlərə qarşı inhisarçılıq edir. Məsələn, bir şirkət xaricdən min çeşiddə məhsul alır. Yeni yaranmış şirkət isə 10-20 növ məhsul idxal edir.
“Təbii ki, birinci şirkət 5 ay və ya 1 il qazanc güdmədən fəaliyyət göstərə bilər, onun fəaliyyətinə zərər gəlməz. Yeni şirkətin isə dövriyyəsi az olduğundan ciddi risklə üzləşə bilər”-deyə hüquqşünas qeyd edib.
Onun sözlərinə görə məcəllənin bu maddəsi böyük şirkətlər tərəfindən inhisarçılıq siyasətinin aparılmaması, sağlam rəqabət mühitinin yaradılması üçün nəzərdə tutulub. Bu maddəyə görə təsərrüfat subyektlərini bazardan çıxarmaq və bazara yeni rəqiblərin daxil olmasına imkan verməmək, rəqabəti məhdudlaşdırmaq vasitələrinin tətbiqi barədə sövdələşmək və digər formalarda rəqabətin qarşısını almaq inhisarçılıq hesab edilir.
Son olaraq hüquqşünas inhisarçılıqla məşğul olan şəxslərin necə cəzalandırılması barədə sualı cavablandırıb.
“Nəticədə isə, bu cinayət nəticəsində vurulmuş ziyanın iki misli dəyərində cərimə tətbiq edilməklə iki il müddətində subyektin müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi nəzərdə tutulur. Bu tip cinayət təkrar törədildikdə 3-dən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hətta 12 ilədək azadlıqdan məhrumetmə də var. Xarici şirkətlərin nümayəndələri belə gəlib Azərbaycanda bu cür fəaliyyətlə məşğul olduqda məsuliyyətlə qarşılaşacaqlar”-deyə o bildirib.
*İnsider.az