Dünyanın Mərkəzi Banklarının qızıla tələbatı və investisiyaları artmaqdadır.
Dünya Qızıl Şurasının Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən hazırladığı hesabata istinadən, bu ilin I yarısında tənzimləyici qurumların qızıl alışları 2015-ci ildən bəri ən yüksək həddə olub.
Son nəticədə mərkəzi bankların qızıl ehtiyatları bu il iyulun 1-nə 33 763,6 tona çatıb.
Qızıl ehtiyatlarını ən çox artıran Rusiya, Türkiyə və Qazaxıstandır. Bu ölkələr ötən ilin əvvəlindən indiyə qədər müvafiq olaraq 383,3 ton, 125,8 ton və 68,4 ton qızıl alıb.
Bununla belə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ilə hələlik dünya bazarında qızılın qiyməti azalmaqdadır. Ötən ilin bu vaxtı 1 unsiyası 1 275 ABŞ dolları olan qiymətli metal hazırda 1 190-1 195 dollara qədər dəyər ucuzlaşıb. İqtisadçılar FED-in təzyiqləri davam edərsə, qiymətin 1 150 dollardan da aşağı düşəcəyini istisna etmirlər. Bu, bəlkə də, mərkəzi banklar üçün bir fürsətdir.
“Report”un analitik qrupu hesab edir ki, ABŞ prezidenti Donald Trampın davranışları, eləcə də Şərq yarımkürəsindəki geosiyasi risklər maliyyə bazarı iştirakçılarını, o cümlədən mərkəzi bankları narahat etdiyindən onlar gələcəkdə ortaya çıxa biləcək problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürlər. Bu tədbirlərdən biri də qızıla aktiv şəkildə investisiya qoymaqdır. Proses davamlı olarsa, qızılın qiymətindəki azalma dayana və onun 1 unsiyası 1 500 dollara qədər bahalaşa da bilər.
© Report