Yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarları ləğv olunacaq. Bunun əvəzində isə ixtisaslaşmış iri marketlər fəaliyyət göstərəcək. Belə ki, bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək. Bununla bağlı təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.
Deyilənlərə inansaq, onda belə çıxır ki, nə kəndlilər, nə də alıcılar artıq əziyyət çəkməyəcəklər. Yəni, kəndlilər öz əkdikləri məhsulu satmaq üçün daha bazarlarda saatlarla vaxt itirməyəcək. Alıcılarsa öz növbəsində təzə məhsulu daha rahat marketlərdə, daha rahat şəraitdə alacaqlar.
Əslində isə bunun mənfi tərəfləri də az deyil. Məsələn, bugünədək əgər konserv zavodlarına təzə məhsullar verilirdisə, bundan sonra istifadəyə daha yararlı olmayan, zay məhsullar veriləcək. Amma emala göndərilən məhsul təzə olmalıdır.
Digər tərəfdən isə maraqlıdır, bazarların bağlanması ilə əlaqədar ərzaq məhsullarının qiymətində artım müşahidə oluna bilərmi? Əlbəttə, bu danılmaz bir faktdır. Çünki bazarların ləğv olunması, həqiqətən də ərzaq məhsullarının qiymətinin artmasına səbəb ola bilər.
Çünki əvvəllər əgər kəndli öz məhsulunu birbaşa olaraq alıcıya satırdısa, artıq bundan sonra o alıcıyla təmasda olmayacaq. Hətta bazarların ləğv olunması prosesinə hələ başlanmasa da, kənd təsərrüfatı məhsullarında süni qiymət artımı artıq nəzərə çarpır.
Əslində bazarlar sovet dövründən qalsa da, marketlərdən fərqli olaraq orada qiymət hər zaman ucuz olub. Kasıb insanlar da ona görə həmişə belə bazarlara üz tutur. Amma son zamanlar bazarlarda da bəzi problemlər yaşanır. Məsələn, alverçilər bazarı ələ keçirib.
Onlar kəndliyə imkan vermir ki, gəlir əldə etsin. Bəs bütün bunlara kim nazarət etməlidir?
Belə çıxır ki, bazarların ləğv olunub və ya olmamasından asılı olmayaraq qiymət artımı onsuz da olacaq.