11 C
Baku
Monday, November 25, 2024

Bakıda evlərin qiyməti qalxdı

“Bakıda ”Sovetski” adlanan ərazinin sökülməsi barədə fikirlər hələ sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma “Sovetski” sökülüb qurtarmadı” kimi fikirlər o qədər səslənmişdi ki, artıq orada yaşayan əhalinin buna heç inamı da qalmamışdı. Onlar nə  vaxtsa bu arzunun reallaşacağına inanmırdılar.

Nəhayət ki, bu arzu reallaşmağa başladı. Amma özüylə az problemlər də gətirmədi. Düzdür, orada olan  yaşayış   evlərinin çoxu yaşayış üçün yararsızdır. Doğurdan da orada elə insanlar var ki, çox dözülməz şəraitdə yaşayırlar. Elə evlər var ki, ora heç  təbii günəş işığı da düşmür, divarlar nəmişlik içindədir. Bəzi  evlərin  zirzəmisi artıq siçovul yuvasına çevrilib. Bu cür tikililər isə orada həddən artıq çoxdur.  Digər tərəfdən də «Sovetski»nin sovet dövrü prizmasından kriminal bir ərazi kimi qiymətləndirilməsidir. Əvvəllər həmin mühitin sağlamlaşdırılmasından ötrü ərazinin abadlaşdırılması nəzərdə tutulurdu.

Bakıda “Sovetski” adı ilə tanınan məşhur ərazidə söküntüyə start verilməsi KİV-də, sosial mediada demək olar ki, əsas mövzuya çevrilib. Çoxdan gözlənilən söküntü planının reallaşdırılması və ərazinin abadlaşdırılması istiqamətində atılan addımlar isə cəmiyyətdə birmənalı qarşılanmır.

Fevralın 16-da Bakının “Sovetski” məhəlləsində evi söküləcək  minlərlə vətəndaş etiraza qalxdı. Əmlaklarının söküləcəyindən və əvəzində təklif edilən kompensasiyanın azlığından şikayətlənən “Sovetski” camaatı bundan sonra harada yaşayacaqlarıını  heç təsəvvür də edə bilmirlər. Çünki  bəzilərinin mənzili 12 kvadrat, bəzilərinki isə 20 kvadratdır. Bu adamlara 1500 manatdan kompensasiya verilsə, bu qədər az məbləğə məgər onlar mənzil ala bilərlər? Bəs bu yazıq insanlar nə etsinlər?  Bəli, bu sakinlərin həddən artıq balaca evləri var idi. Lakin buna baxmayaraq onların başlarının üstündə balaca da olsa dam var idi. Hətta pəncərəsiz belə olsa da onlar küçədə yox, evdə qalırdılar. Axı insanlarin mülkiyyəti toxunulmazdır….Bu pula isə onlar heç yerdə ev ala bilməzlər. Real qiymətlərə uyğun olmayan kompensasiya ilə heç bir mənzil almaq  mümkün deyil. Bundan sonra isə evlərin süni qiymət artımı hələ də gözlənilir.

Ekspertlərin fikrincə, artıq Bakıda evlərin və daşınmaz əmlakın qiyməti bahalaşıb. Qiymət artımının təxminən 15-20%  təşkil etdiyi bildirilir. Qiymətlər  artır, əhaliyə verilən kompensasiyanın qiyməti isə artmır. Bütün hallarda baş verən ev söküntüləri ümumi satışın bazar qiymətlərinə də təsir edir. Və nəticədə həm köhnə tikililərin, həm də yeni tikilən evlərin qiymətinin bahalaşmasına səbəb olur. Əldə olunan məlumata əsasən bildirilir  ki,  xeyli adam ev almaq istəsə də, alqı-satqı baş tutmur. Çünki əvvəlki aylara nisbətdə qiymət artımı gözəçarpan dərəcədədir.

Ancaq ümumi götürəndə hələ ki, Azərbaycanda evlərin qiymətinin qalxması üçün ciddi səbəb yoxdur. Bu məsələyə sırf iqtisadi tərəfdən yanaşsaq, qiymət artımına heç bir iqtisadi zəmin olmadığını görərik. Çünki iqtisadi zəmin yalnız iki halda ola bilər. Birincisi əgər əhaliyə verilən kompensasiyanın qiyməti 1500 manatdan çox olsaydı, qiymət artımı təbii bir proses kimi hesab olunardı. Digər tərəfdən isə əgər əhalinin gəlirlərində kəskin artımlar baş versəydi bu da, ikinci bir səbəb kimi görünərdi. Sonuncu dəfə əmək haqqlarının neçə faiz qalxması heç yadınızdadır?

 Məncə belə bir proses hamı üçün artıq təbiidir. Artıq hamı arzularla reallığın üst-üstə düşməməyinə öyrəşir.

Son xəbərlər
Digər xəbərlər