Böyük Britaniya əməkdaşlıq barədə saziş olmadan da Avropa İttifaqının tərkibindən çıxa bilər və bundan qorxmur.
Bu barədə Banker.az AzerTag-a istinadla xəbər verir ki, bunu Birləşmiş Krallığın Baş naziri Tereza Mey oktyabrın 3-də hakim Mühafizəkarlar partiyasının Birminhem şəhərində keçirilən qapalı qurultayında deyib. Onun sözlərinə görə, Britaniya hökuməti referendumun nəticələrinə hörmətlə yanaşmalı, həmçinin Avropa İttifaqı ilə yaxşı münasibət qurmalıdır.
“Heç kim yaxşı sövdələşməni mənim qədər arzulaya bilməz. Lakin bu, müqavilənin nəyin bahasına olursa-olsun imzalanacağı demək deyil. Böyük Britaniya ittifaqı sazişsiz tərk etməkdən çəkinmir”, – deyə Tereza Mey bildirib.
Böyük Britaniyanın Baş naziri ölkə sərhədlərinə, qanunlarına və pullarına nəzarəti bərpa etməyə hesablanan Brexitin reallaşdırılması üzrə 2018-ci ildə hökumətlə razılaşdırılan planına sadiq qalacağını qeyd edib. “Bu plan Britaniya xalqının ümidlərini doğruldur və milli maraqlara xidmət edir”, – deyə Tereza Mey əlavə edib.