7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan prezidentinən valyuta ehtiyatlarına dair açıqlama

Dövlətimizin başçısı bildirib ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub.

Banker.azın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

“Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir.

Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir”.

Prezident deyib ki, doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır: “Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır.

Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək. Bu barədə bu gün danışılacaq ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə bilək.

Əlbəttə, qeyd etdiyim kimi, ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır. Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bu zavodun açılışında İtaliya Prezidenti mənimlə birlikdə iştirak etmişdir. İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək. Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur. Əlbəttə, bizim qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq. Ölkəmizə böyük həcmdə valyuta gələcək. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir. Orada da sərmayələr yüz milyonlarla dollar həcmindədir”.

Son xəbərlər
Digər xəbərlər