1 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanının Qərb üçün vacib olmasının 5 səbəbi

ABŞ prezidenti Donald Trump, səudiyəli jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) qətlinə görə cavabdeh Səudiyyə Ərəbistanı çıxacağı təqdirdə bu ölkəyə qarşı “sərt cəza” tədbirinin tədbiq ediləcəyini bəyan edib.

Səudiyyə Ərəbistanı Türkiyə rəsmilərinin Kaşıkçının səudiyəli agentlər tərəfindən öldürüldüyü barədə ittihamların “yalan” olduğunu bildirərək, xəbərdarlıq edib ki, Qərbin cəzalandırıcı addımlarına daha güclü əks-addımlarla cavab verəcək.

Mümkün fəsadlar necə ola bilər?

1. Neft təchizatı və qiymətlər

OPEC təşkilatına əsasən, Səudiyyə Ərəbistanı dünyanın təsdiq olunmuş neft ehtiyatlarlnın 18 faizinə malikdir və dünya boyu ən iri neft ixracatçısıdır.

Bu amil Səudiyyənin dünyada nüfuzu və təsirinin əsasını təşkil edir.

Misal üçün, ABŞ və ya digər ölkələr Səudiyyəyə qarşı sanksiyalar tətbiq etsələr, Səudiyyə höküməti buna neft istehsalının azaldılması ilə cavab verə bilər. Nəticədə, başqa ixracatçılar kəsiri doldurana qədər neftin dünya qiyməti qalxa bilər.

Bazar günü dərc olunmuş məqalədə Səudiyyənin nəzarətində olan Al Arabiya TV kanalının rəhbəri Türki Əldaxil qeyd edib ki, krallığa qarşı sanksiyaların tətbiqi “bütün dünyanı silkələyə bilən iqtisadi böhrana gətirib çıxara bilər”.

“Əgər neftin $80 qiyməti prezident Trump-ı əsəbləşdirirsə, qiymətlərin $100 ya $200 və ya hətta bundan da ikiqat yuxarı olacağını heç kim istisna edə bilməz”, – o yazıb.

2. Hərbi müqavilələr

Səudiyyə Ərəbistanının hərbi büdcəsi 2017-ci ildə dünyada həcminə görə üçüncü hərbi büdcə olub, Stockholm Beynəlxlaq Sülh Araşdırmaları Institutu (Sipri) bildirib.

Həmin ildə ölkə ABŞ ilə $110 milyardlıq silah müqaviləsi bağlayıb.

Həmin müqavilədə qeyd olunub ki, 10 il müddətində xərclər $350 milyarda çata bilər.

Ağ Ev həmin müqavilənin ABŞ tarixində ən iri müqvilə olduğunu bildirib.

Cədvəl
Səudiyyə Ərəbistanına silah satan digər ölkələr arasında Britaniya, Fransa və Alnmaniya da var.

 

Cənab Əldaxil öz məqaləsində qeyd edib ki, hər hansı sanksiyaya cavab olaraq Səudiyyə öz hərbi ehtiyaclarını ödəmək üçün Çin və Rusiyaya müraciət edə bilər.

3. Təhlükəsizlik və terrorizm

Qərb ölkələri bildiriblər ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır, ekstremizm və terrorizmlə mübarizə aparır.

Britaniyanın Baş naziri Theresa May Səudiyyə hərbiyyəsinin Yəmən münaqişəsində hərbi cinayətlər törətməkdə ittiham olunmasına baxmayaraq, bu ölkənin “Britaniyanın küçələrində camaatın təhlükəsizliyinin təmin edilməsinə kömək etdiyində” təkid edərək, Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrin saxlanmasını müdafiə edib.

Səudiyyə Ərəbistanı özünü islam Dövləti adlandıran qrupa qarşı əməliyyatlar aparan ABŞ başda olamaqla qlobal koalisiyanın üzvüdür və ötən il 40 müsəlman ölkəsini birləşdirən İslami Hərbi Anti-terror Koalisiyanı yaradıb.

Əldaxil fərz edib ki, Kaşıkçının yoxa çıxması ilə bağlı hər hansı ölçü götürülərsə, “Ər-Riyadla ABŞ və Qərb arasında etibarlı informasiya mübadiləsi keçmişdə qalacaq”.

4. Regional alyanslar

Səudiyyə Ərəbistanı İranın təsrinin qarşısını almaq üçün ABŞ-la sıx işləyir.

Yaxın Şərqdə sünni və şiə ölkələri arasında onillərdir ki, proksi müharibələr gedir.

Suriyada Səudiyyə Ərəbistanı prezident Bəşər əl-Əsədi devirməyə çalışan üsyançı qrupları dəstəkləyib.

Məqaləsində cənab Əldaxil xəbərdarlıq edib ki, ABŞ sanksiyalar tətbiq edəcəyi halda, Səudiyyə ilə Rusiya və İran arasında yaxınlaşma baş verə bilər və hətta Səudiyyə Ərəbistanı ilə İran arasında barışıq əldə oluna bilər.

5. Ticarət və investisiyalar

Al Arabiya televiziyasının rəhbəri eləcə də bildirib ki, ABŞ şirkətləri Səudiyyə bazarından məhrum edilə bilərlər.

ABŞ-ın Səudiyyə Ərəbistanla xidmət və mal ticarəti 2017-ci ildə $46 milyarda bərabər olub. Bu zaman ABŞ-ın ikitərəfli ticarətdə $5 milyardlıq müsbət saldosu olub.

ABŞ kommersiya departamentinin hesablamalarına görə, ikitərəfli ticarət əlaqələri 2015-ci ildə ABŞ-da təxminən 165,000 iş yerinin qorunmasına şərait yaradıb.

Cədvəl

Avqust ayında Səudiyyə Ərəbistanı Kanada ilə bütün ticarət əlaqələrini dondurmuşdu.

Səudiyyə tərəfi bu addımı vətəndaş cəmiyyəti və qadın haqları fəallarının azadlığa buraxılmasını tələb edən Kanadanın ölkənin daxili işlərinə qarışması ilə əsaslandırmışdı.

Krallıq eləcə də Kanadadan taxıl idxalını bloklayıb və Kanada universitetlərinə dövlət xəttilə təhsil almağa göndərilmiş minlərlə tələbəyə geri dönmək göstərişi verib.

©BBC Azəri

Son xəbərlər
Digər xəbərlər