1 C
Baku
Saturday, December 14, 2024

Sadələşdirilmiş verginin dərəcəsinin azaldılması təklif olunur – Sahibkarlığın inkişafının dəstək

Vergi sahəsində həyata keçirilən islahatların mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır. Cari il ərzində sahibkarların ictimai təşkilatları və konsaltinq şirkətləri ilə sıx təmaslar qurulub. Bu görüşlərdə sahibkarları narahat edən məsələlər, onları öz fəaliyyətlərini daha da genişləndirmək üçün maraqlandıran təşviqedici mexanizmlər müzakirə edilib.

Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən mənbənin vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı nazirlik tərəfindən təklif edilən dəyişikliklərə dair sorğusuna cavab olaraq bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu aktual məsələyə toxunulub.

Sahibkarların ictimai təşkilatları və konsaltinq şirkətləri ilə keçirilən görüşlərin nəticəsində Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsindən ibarətdir.

Vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq.

Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergiödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı hazırlanan dəyişikliklər sırasında xüsusi yer tutur.

İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər