Müsahibimiz: AccessBankın korparativ müştərilərlə iş departamentinin müdiri Vüqar Əlipaşayevdir.
AccessBankı son dövrlər Azərbaycanın kredit bazarının ən fəal iştirakçılarından hesab etmək olar. Bu vaxta kimi aktivlik mikro kreditlər istiqamətində hiss olunurdusa, son zamanlar bu istiqamət zəifləyərək daha çox korparativ sektora yönlənmişdir. AccessBankın korparativ xidmət spektrində və ya spektrinin keyfiyyətində nə kimi dəyişikliklər olmuşdur?
İlk olaraq Accessbankın fəaliyyətini yaxından izlədiyiniz üçün saytınızın kollektivinə bankımızın rəhbərliyi adından təşəkkür edirəm.
Accessbank QSC 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başladığı gündən əsas diqqəti Mikro Kreditlərə yönəltmişdir. İndiyə qədər də Accessbank, Mikro Kreditlər sahəsində yeganə ixtisaslaşmış bank olaraq öz birinciliyini qoruyub saxlamışdır. Mən deməzdim ki, Mikro Kreditlərə olan marağımız zəifləyib, əksinə son illər Mikro kredit portfelimiz daha sürətlə artaraq ötən ilin sonuna 280 milyon manat həddinə çatmışdır. Mikro kreditlərlə yanaşı Accessbank, kiçik və orta sahibkarlıq kreditləri bazarının da aktiv iştirakçısıdır. Hal-hazırda Accessbank sadəcə Mikro kreditlər sahəsində ixtisaslaşmış bank olmaqdan çıxaraq Biznesin Bankçılığı sahəsində ixtisaslaşmış banka çevrilmişdir. Mən Biznes bankçılığı dedikdə tək Mikro və KOB kreditlərini deyil, iri və ya xırda sahibkarlarlıq subyektlərinə lazım ola biləcək bütün kredit və qeyri-kredit bank məhsulları və xidmətlərinin məcmusunu nəzərdə tuturam.
Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı artım tempinə görə dünya ölkələri arasında qabaqcıl mövqedədir. Qeyri-neft sektorunun artımı yüksələn xətt üzrə gedir və bu inkişafın böyük bir hissəsi kiçik və orta sahibkarların payına düşür. Bir neçə il əvvəl bizdən mikro kredit götürən xırda sahibkarların böyük bir qismi mütəmadi inkişaf yolu keçərək, Kiçik və ya Orta səviyyəli sahibkara çevrilirlər. Bu o deməkdir ki, onlar inkişaf etdikcə bank məhsullarına olan təlabatları da artır. Belə olan halda Accessbank öz müştərilərinin artan təlabatlarını ödəmək üçün yeni-yeni bank məhsul və xidmətlərini onlara təqdim edir. Bu səbəbdən də əsas missiyamızın biznes kreditləşməsi olmasına baxmayaraq məqsədimiz, tam universal kommersiya bankı kimi fəaliyyət göstərərək, digər bank xidmətləri sferasında olan fürsətlərdən də lazımınca faydalanmaqdır. Hal-hazırda Accessbank, öz müştərilərinə sadəcə kredit məhsulları deyil, müxtəlif hesablaşma-kassa xidmətləri (hüquqi və fiziki şəxslərin müddətli və tələbedilənədək hesablarının açılması və aparılması, internet və GSM bankçılıq, debet və kredit kartları, əmək haqqı layihələri, avtomobil, ipoteka və nağd istehlak kreditləri və s.) və beynəlxaq ticarətin maliyyələşdirilməsi vasitələri olan Bank qarantiyaları, Akkreditivlər, idxaldan sonrakı maliyyələşdirmə, ixracdan öncəki maliyyələşdirmə və s. müasir maliyyələşdirmə xidmət və məhsulları təklif edir.
Ümumiyyətlə Azərbaycanın korparativ bankçılıq sistemində nə kimi boşluqlar müşahidə edirsiniz?
Azərbaycan bank sistemi qısa bir müddətdə böyük inkişaf yolu keçərək bir çox sahələrdə yüksək göstəricilərə nail olmuşdur. Azərbaycan iqtisadiyyatı zaman keçdikcə dünya iqtisadiyyatına daha çox inteqrasiya edir və bu inkişaf bir sıra yeni bank məhsul və xidmətlərinin təqdim edilməsini şərtləndirir. Mən hesab edirəm ki, beynəlxalq ticarətin maliyyələşdirilməsi (bank qarantiyaları, akkreditivlər, idxal və ixracın maliyyələşdirilməsi və. s) və internet bankçılıq sahəsində əldə edilmiş uğurlar davam etdirilməli və inkişaf etmiş dünya ölkələrinin təcrübələri yerli qanunvericiliyə və işgüzar vərdişlərə uyğunlaşdırılaraq təqdim edilməlidir. Bu sahədə sahibkarların maarifləndirilməsinə böyük ehtiyac var.
Korparativ bankçılıq bazarı oyunçular arasında nisbətən tez bölünən sektordur – bankların yeganə yeni müştəri mənbəyi ya yeni yaranan şirkətlər, ya da digər bankların iş prinsipini bəyənməyən şirkətlər ola bilər – belə müştərilərə AccessBank hansı xidmətləri təklif edir və nəyə görə həmin müştəri məhz Accessbankı seçməlidir?
Əvvəl də qeyd etdiyim kimi, bizim müştərilərimiz zaman keçdikcə inkişaf edirlər və bank məhsullarına olan təlabatları da artır. Biz ilk növbədə bizimlə ənənəvi kreditləşmə sahəsi üzrə əməkdaşlıq edən iri sahibkarlara ticarətin maliyyələşdirilməsi və kassa-hesablaşma xidmətləri sahəsində münasib şərtlərlə korporativ xidmətlər təqdim edirik. Bundan başqa, Accessbank-ın geniş filial şəbəkəsi, yüksək xidmət səviyyəsi, geniş beynəlxalq əlaqələri (ticarətin maliyyələşdirilməsi məhsulları və beynəlxalq köçürmələrin operativliyi və qiymətləri baxımından əhəmiyyətlidir) və hətta ən çətin dövrlərdə kreditləşməni saxlamamağa imkan verən maliyyə dayanıqlılığı, korporativ müştərilər üçün cəlbedici ola bilər.
Azərbaycan kredit bazarında rəsmi məlumatlara görə təxminən 8% gecikmədə olan portfel vardır. Təbii ki, korparativ sektorunda bu faizdə öz payı vardır. Sizcə hazırda korparativ sektorla bağlı (ümumən) vəziyyət nə dərəcədə kritikdir?
Kreditin qərarı verilməzdən öncə, müraciət etmiş şirkətin maliyyə və rəqabət dayanıqlılığının təhlil edilməsi və təminat qismində götürüləcək əmlakın qiymətlərində ola biləcək mümkün qiymət dəyişikliyinin nəzərə alınması, veriləcək kreditlərin vaxtında geri ödənilməsi baxımından çox vacibdir. Daşınmaz əmlak bazarındakı durğunluq, aktivlik və ya qiymət dəyişikliyi özünü dərhal korporativ kredit bazarında bu və ya digər şəkildə əks etdirir. Daşınmaz əmlak bazarının vəziyyəti və gələcək inkişafına təsir edən amillər çoxluğu risklər kontekstində daima nəzarətdə saxlanılarsa və kredit veriləcək biznes, maliyyə sabitliyi, rentabellik, rəqabət, risk, gələcək planlar, menecment və s. aspektlərdən geniş təhlil edilərsə, problemlərin bir çoxunun qarşısını vaxtında almaq mümkündür.
Hal-hazırda korporativ xidmətlər bazarı kifayət qədər aktivdir. Respublikada davam edən iqtisadi və siyasi sabitlik, əhalinin pul gəlirlərinin davamlı artımı, həyata keçirilən infrastruktur layihələri səbəbi ilə daşınmaz əmlak bazarındakı aktivlik və qiymətlərin davamlı artımı, sahibkarları əsaslı investisiya qoyuluşuna həvəsləndirir. Ən azından Accessbankın korporativ kredit portfelinin dinamik arıtımı belə deməyə əsas verir.
Bir mütəxəssis kimi, korparativ sektorda daha riskli istiqamətləri və ya fəaliyyətləri sadalayardınız və nəyə görə məhz həmin istiqamətləri seçdiyinizi izah edərdiniz.
Mənim fikrimcə korporativ sektorda riskli istiqamətlər ifadəsi o qədər də düzgün səslənmir. Əgər risklər lazımınca araşdırılmazsa və bu riskləri minimallaşdırma vasitələri axtarılıb tapılmasa, bütün istiqamətlər riskli ola bilər. Başqa sözlə riskli olan istiqamətlər deyil, həmin istiqamətlərə olan yanaşmalardır. Biz yeni bank məhsul və xidmətlərini, ölkəmizin korporativ sektorunda formalaşmış işgüzar adət və vərdişlərə uyğunlaşdırmalıyıq. Riskləri sıfıra endirmək hər zaman mümkün olmasa da yaxşı düşünülmüş tədbirlər nəticəsində onları minimallaşdırmaq mümkündür.
Comments are closed.