Azərbaycan Prezidenti İlham Əliyev bu gün, Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavinilərini təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, bu barədə prezidentin sərəncamında qeyd edilib.
Anar Rəhim oğlu Əliyev və Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Qeyd edək ki, daha bir sərəncamla nazir müavini olan Natiq Məmmədovun vəzifəsindən azad olunması barədə sizə bildirmişdik.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin Əmrinə əsasən, Anar Əliyev cari ilin avqust ayında nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdu. Bu barədə Qaynarinfo-ya nazirlikdən məlumat verilib.
Qeyd edək ki, A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb. 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Sahibkarlıq sahəsində lisenziya və icazələrin verilməsi, habelə azad iqtisadi zonalarla bağlı həyata keçirilmiş islahatlarda, müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında yaxından iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Hazırkı vəzifəsinə qədər isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – nazirliyin Aparatının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.