Bu gün, demək olar ki, bütün marketlər, satış mərkəzləri alınan malları sellofan paketlərdə qablaşdırır. Elə insanlar da daşıma vasitəsi kimi daha çox sellofan torbalara üstünlük verirlər. Kağız torbalardan tək-tük satış yerlərində istifadə olunur. Əvvəllər isə vəziyyət belə deyildi. Bazarlarda əsasən kağız paketlərdən, həsir zənbillərdən istifadə edilirdi. Hazırda bir sıra xarici ölkələrdə plastik qabların, sellofan torbaların istifadəsindən imtina edilir. Məsələn, ABŞ, İngiltərə, Yeni Zellandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur.
Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə olunmasını qadağan edib. Bu yaxınlarda isə Gürcüstan da plastik qablardan, sellafon torbalardan istifadəyə qadağa qoydu.
Azərbaycanda isə vəziyyət tamam fərqlidir.
Məhz vəziyyətin fərqliliyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablar, polietilen torbalar və onlardan istifadənin məhdudlaşdırılması ilə bağlı kampaniyaya start verib.
Çünki insanlar özləri də bilmədən plastik qablar, sellofan torbalardan istifadə etməklə yaşadığımız ətraf mühitə mənfi təsir göstərmiş olurlar.
Banker.az bildirir ki, mənbə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı kampaniyanın əhəmiyyəti barədə Milli Məclisin deputatlarının fikirlərini almağa çalışıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ictimaiyyət nümayəndələrinin, insanların nazirliyin bu təşəbbüsünə qoşulmalı olduğunun vacib sayıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı kampaniyanı dəstəkləyirəm. Çünki plastik qabların, sellofan torbaların müəyyən xəstəliklərin yayılmasında rolu mütləqdir. Onlar qida təhlükəsizliyi cəhətdən o qədər də əlverişli deyil. Sizə açığını deyim ki, dünyanın bir çox ölkələrində bundan imtina edirlər. Azərbaycanda da bu ənənəyə start verilib. Fikir vermisizsə, bəzi marketlərə daxil olanda kağız torbalar təqdim olunur. Heç olmasa qida məhsullarını alanda sellofan torbalardan istifadə edilməsin. Hətta adi plastik qablar var ki, onun içindəki suyu içirik.
Bu qabların materiallarında kimyəvi maddələr var. İndiki dövrdə bir qisim insanlar şüşə butulkalardakı sudan alıb içirlər. Azərbaycan inkişaf etməkdə olan ölkədir. İnsanlarımız sağlamlıqlarının qeydinə qalmağı bacarmalıdırlar. Elə etməliyik ki, övladlarımız sağlam böyüsün. Gələcək nəslin sağlamlığına biganə yanaşmamalıyıq. Ona görə də nazirliyin təklifini dəstəkləyirəm və deyirəm ki, millət də bu təklifə qoşulmalıdır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Musa Quliyev Nazirliyin vacib və olduqca əhəmiyyətli olan təşəbbüsündən danışarkən ona dəstək verdiyini deyib: “Əgər xatırlayırsızsa, bir neçə il bundan qabaq Milli Məclisin iclasında sellofan torbalardan imtina etmək barədə məsələ qaldırmışdım. Torbaların satışı məhdudlaşdırılmalıdır. Sellofan torbalar ekologiyanı da çox çirkləndirir. Üstəlik torpaqda çürümür və qalır. Bu da onu göstərir ki, onu netrallaşdırmaq olmur. Bunun üçün əlavə xərclər olmalıdır. Sellofan torbalardan və plastik qablardan artıq bəzi ölkələr imtina edib. Məsələn, Rusiyanın bir çox bölgələrində sellofan torbaların istifadəsi yığışdırılıb. Bu zaman müştəri də məcbur qalıb digər köməkçi vasitələrə əl atır. Böyük torbalara müraciət edirlər.
Bəzi ölkələrdə parça və yüngül qamışlardan zənbillər hazırlanır. Həm millidir, həm ekoloji cəhətdən təmizdir, həm də iqtisadi cəhətdən sərfəlidir.
Yaxşı ki bizim Nazirlik tərəfindən də bu işə başlanılıb. Hindistan, Tayland kimi ölkələrdə sellofan torbalara görə cərimələr mövcuddur. Bunun sağlamlıq üçün zərəri daha çoxdur. Elələri var ki, ona ərzaq məhsulları qoymaq çox təhlükəlidir. Eyni zamanda, məhsulun uzun müddət sellofan torbada saxlanılması insan həyatı üçün yaxşı nəsə vəd etmir. Sovet dönəmində kağızlardan istifadə edilirdi. Müəyyən ərzaq məhsullarında kağızdan istifadə etmək olar. Çox istərdik ki, əvvəlki zənbillər geri qayıtsın. Çünki sellofan torbalar digər canlılar üçün də zərərlidir. Bəzən yol kənarında sellofanlara rast gəlirik. Onu balıqlar yedikdə zəhərlənir. Ziyanlı tərəfləri var.
Ona görə bir də vurğulayıram Ekologiya və Təbii Sərvətlər Nazirliyinin plastik qablar, sellofan torbalardan imtina etməklə bağlı başladığı kampaniyanı dəstəkləyirəm. Bu, əhatəli olarsa, biz də sevinərik. Həmçinin, biz də bu məsələdə nazirliyin yanındayıq”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Kamran Nəbizadə də nazirliyin təşəbbüsünə dəstək verdiyini bildirib: “Plastik qablar, sellofan torbalar ekoloji cəhətdən də çox zərərlidir. Təəssüf ki, küləkli havada göyə sovrulan sellofanlar gözümüzə dəyir.
Bunlar ekologiyanı da çirkləndirməklə məşğuldur. Plastik qablar, sellofan torbalar torpaqda belə çürümür. Təbii, onların kimyəvi təsiri olduğundan zərəri də istisna deyil. Ona görə də nazirliyin başladığı kampaniya çox müsbət təşəbbüsdür. Nazirliyi dəstəkləyirəm. İnsanların plastik qabların, sellofan torbaların vurduğu ziyan və fəsadlarla bağlı maarifləndirilməsin ehtiyac var”.
Modern.az