1 C
Baku
Saturday, December 14, 2024

Almaniyanın iş adamları ABŞ-ın İrana dair mövqeyindən narazıdır

Almaniyanın biznes dairələri hesab edir ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni sanksiyaları Avropanın maraqları ilə ziddiyyət təşkil edir.

Banker.az bildirir ki, Almaniyanın Topdansatış və Xarici Ticarət üzrə Federal Birliyi (BGA) Amerika sanksiyalarının ikinci paketini “ABŞ hökumətinin Avropaya qarşı daha bir hücumu” adlandırıb və Vaşinqtonun xarici siyasətinin təsirindən azad olmağın zəruriliyini bəyan edib.

Almaniyanın Ticarət-Sənaye Palatası Federal Birliyi (DHIK), öz növbəsində, ehtiyat edir ki, ABŞ sanksiyaları alman şirkətlərinin İrandakı biznesini tamamilə iflic halına sala bilər. “Almaniya-İran iqtisadi münasibətlərinin xilasının zəruriliyini bildirən saat əqrəbləri gecə yarısına 5 dəqiqə qaldığını göstərir”, – deyə DHIK-in prezidenti Erik Şvaytser bildirib.

DHIK-in saytında dərc olunmuş bəyanatda Şvaytser, həmçinin qeyd edib ki, İranın neft-qaz sektoruna qarşı sanksiyalar bu ölkənin büdcəsinin əsas gəlir mənbəyinə toxunur. Onun sözlərinə görə, ABŞ-ın cərimə tədbirləri yaxın gələcəkdə İran iqtisadiyyatının zəifləməsinə gətirib çıxaracaq. Bundan başqa, sanksiya rejimi fonunda daha çox alman şirkəti bu ölkəni tərk edir və İrandakı nümayəndəliklərini bağlayır.

Berlin üstüörtülü şəkildə anladıb ki, alman biznesini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan tam olaraq qoruya bilmir. AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert kansler Merkelin federal hökumətin iqtisadiyyatın bütün sahələri üzrə tamdəyərli kompensasiya ödəyəcəyi barədə “illüziyalara qapılmağa dəyməz” sözlərini xatırladıb. Zaybert deyib ki, eyni zamanda, kiçik və orta müəssisələr üçün ayrı-ayrı güzəştlər ola bilər.

Azərtac

Son xəbərlər
Digər xəbərlər