ABŞ-ın Nümayəndələr Palatasına aralıq seçkilərində Demokratlar səs çoxluğunu ələ alıb.
Demokratların son səkkiz ildə ilk dəfə Konqresin aşağı palatasında hakimiyyəti ələ alması onlara prezidentin gündəliyini “pozmaq imkanı verəcək”. Banker.az bildirir ki, bu barədə BBC Azərbaycanca məlumat yayır.
Amma cənab Trump-ın təmsilçisi olduğu Respublikaçılar Senatda öz mövqelərini gücləndirirlər.
İlkin nəticələrə görə, Demokratlar 151, Respublikaçılar isə 153 yer alıb.
Amma respubllikaçılar azacıq öndə olsalar da, Demokratların qələbəsi gözlənir.
Trumppərəst mühafizəkar Ron DeSantis Florida ştatının qubernatoru seçilib, AP yazır.
Yenidən senator seçilən respublikaçı Ted Cruz deyib ki, bu, “Texas əhalisi üçün ümid və gələcək” haqda kampaniya idi.
AP-nin məlumatına görə, Respublikaçı Randy Hultgren İllinois ştatında ilk qaradərili qadın olaraq qələbə qazanacaq, hələ ki, səslər sayılır.
Səs çoxluğu
Demokratlar Nümayəndələr Palatasında səs çoxluğunu ələ almaq üçün saylarını 23 nəfər artırmalı idilər.
Hazırda onlar əvvəl Respublikaçıların təmsil etdiyi 26 ştatda qələbə qazanıblar.
Bəzi ştatlarda onların qələbəsi gözlənməsə də, Demokratlar qalib gəlib.
Seçkilərdə qadınlar
Bu il ABŞ-da qadınların seçkilərə qatılması rekord sayda olub.
New York ştatında 29 yaşlı demokrat Alexandria Ocasio-Cortez-in ən gənc qadın konqres üzvü olacağı gözlənir.
Somali qaçqını olan 37 yaşlı İlhan Omar və Fələstin mühacirinin qızı Rashida Tlaib aralıq seçkilərində Nümayəndələr Palatasına seçilən ilk müsəlman qadın olacaqlar.
İlkin məlumatlara görə, Nümayəndələr Palatasına 60-a yaxın qadın seçilib.
Hələ nəticələri açıqlanmamış ştatlar olsa da, bu saatadək seçilən qadınların sayı bütövlükdə 1999-2001-ci illər ərzində seçilən qadın nümayəndələrin sayından daha çoxdur.
Trump-ın mesajı
ABŞ prezidenti Donald Trump seçkilər barədə Twitter-də yazıb.
“Bu axşam böyük müvəffəqiyyət. Hər kəsə təşəkkürlər!”
İlk yerli amerikalı qadın konqresmen seçilib
Demokrat Sharice Davids Kansas ştatını təmsil edəcək, AP yazır.
38 yaşlı xanım siyasətdə yeni sayılsa da, Respublikaçı Kevin Yoder-i udub.
Senat yarışında nə baş verir?
Demokratlar Nümayəndələr Palatasında səs çoxluğunu qazana bilsələr də, Senatdakı yerlərini itirirlər.
Respublikaçılar Konqresin üst palatasında öz 51-49 səs çoxluqlarını genişləndirməyə çalışırlar.