11 C
Baku
Monday, November 25, 2024

“ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyalar özünü doğruldur” – MÜSAHİBƏ

Banker.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun Report-a müsahibəsini təqdim edir:

– ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyalar özünü doğruldurmu və bu investisiyalar ilə bağlı gəlirlilik gözləntiləriniz necədir?

– Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka investisiya çərçivəsində Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Milan, Tokio, Seul kimi şəhərlərdə daşınmaz əmlaka birbaşa investisiyalar həyata keçirib. Digər tərəfdən, ARDNF 2015-ci ildən etibarən inkişaf etmiş bazarlarda fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməyə başlayıb. Ümumilikdə daşınmaz əmlak yatırımlarına başlanılandan keçən ilin sonuna qədər orta illik gəlirlilik təxminən 7,2% olub ki, bunun əsasında da ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu demək mümkündür.

Ümumiyyətlə dünyanın qabaqcıl araşdırma institutlarının hesabatlarına əsasən növbəti ildə dünyanın əsas daşınmaz əmlak bazarlarında inkişaf gözləntiləri var. ARDNF-nin investisiyalarının mövcud olduğu ölkələr də inkişaf proqnozları verilən ölkələr siyahısındadır.

– İnvestisiya portfelinin neçə faizi daxildə idarə olunur?

– ARDNF vəsaitlərin idarə olunmasında əsasən daxildə idarəetməyə üstünlük verir. 30 sentyabr 2018-ci il tarixinə ARDNF-nin investisiya portfelinin 90%-i daxildə idarə olunur. Bununla belə, ARDNF-nin vəsaitlərinin idarə olunmasında xarici menecerlərin xidmətlərindən də istifadə olunur ki, bu da əsasən onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

– ARDNF-nin aktivlərini idarə edən maliyyə təşkilatlarının sayı nə qədərdir və hansı təşkilatlardır? Fond idarəedicilərdən hər hansı biri ilə əməkdaşlıqdan imtina edə bilərmi?

– Məlum olduğu kimi ARDNF investisiya portfelinin idarə edilməsində bu sahədə ən böyük, təcrübəli menecerlərlə əməkdaşlıq edir. Belə ki, əsasən səhm yatırımlarının idarə edilməsində bu kimi şirkətlərin xidmətlərindən istifadə olunsa da ARDNF-nin hal-hazırda sabit gəlirli qiymətli kağızlar portfelinin də kiçik bir hissəsi xarici menecerlər tərəfindən idarə olunur və onların ümumi sayı 7-yə bərabərdir. Bunlar Dünya Bankı, “Deutsche Bank Advisors”, “UBS Asset Management”, “State Street Global Advisors”, “Mellon Capital Management”, “BlackRock Investment Management” və “Sumitomo Mitsui Trust İnternational Limited” şirkətləridir. Bununla yanaşı, ARDNF-nin özəl səhmlər və daşınmaz əmlaka yatırımları zamanı əməkdaşlıq etdiyi qurumların sayı 20-dən çoxdur. İstər səhm və sabit gəlirli qiymətli kağızlar portfelinin müəyyən hissəsinin idarə edilməsi üçün cəlb edilən menecerlərin, istərsə də özəl səhm və daşınmaz əmlak yatırımları üçün istifadə olunan fond menecerlərinin seçilməsi prosesi qabaqcıl təcrübəyə və ARDNF-nin investisiya strategiyasına uyğun şəkildə həyata keçirilir. Bu sahədə hər hansı bir qurumla əməkdaşlığa xitam verilməsi və ya davam edilməməsi ya investisiya strategiyasında hər hansı bir dəyişiklikdən, ya da tərəfdaş qurumla imzalanmış müqavilə çərçivəsində mandata uyğunsuzluq və ya onun şərtlərinin pozulması halında baş verə bilər. Bu gün etibarilə belə bir halın baş verməməsi səbəbindən hər hansı bir menecerlə əməkdaşlığa xitam verilməsi də nəzərdə tutulmur.

Eyni zamanda bildirmək istərdim ki, ARDNF-nin tərəfdaşları barədə məlumatlar Fondun illik hesabatlarında öz əksini tapır və ARDNF-nin www.oilfund.az rəsmi internet səhifəsində yerləşdirilir.

– Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur. Gələn il üçün proqnozlar nədən ibarətdir?

– ARDNF-nin 2019-cu il üzrə büdcəsində xam neftin baza qiyməti dövlət büdcəsi ilə eyni 60 ABŞ dolları səviyyəsində götürülüb ki, bu qiymətlə 2019-cu ildə ARDNF-nin icmal büdcə layihəsinə daxil olan gəlirlərinin 9 164,2 milyon ABŞ dolları və yaxud 15 579,2 milyon manat, xərclərinin isə 6 684,9 milyon ABŞ dolları və yaxud 11 364,3 milyon manat, büdcə profisitinin həcminin 4 214,9 milyon manat olması proqnozlaşdırılır. Eyni zamanda, xam neftin yüksək qiymətləri şəraitində Fondun gəlirlərinin proqnozdan daha çox olması gözlənilir.

38bb7e10 142c 441b ad56 efac3d4516e4

– 2019-cu il büdcəsinin əsas xüsusiyyəti nədən ibarət olacaq?

– 2019-cu büdcə ilindən başlayaraq icmal büdcə xərclərinin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni fiskal büdcə qaydasının tətbiqinə başlanılıb. Bununla əlaqədar dövlət və icmal büdcə xərcləri, o cümlədən Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə xərclərinin parametrləri yeni büdcə qaydasının tələblərinə uyğun formalaşdırılıb. Yeni fiskal qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına, büdcə intizamının möhkəmləndirilməsinə şərait yaradacaq. Büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir. Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə büdcə xərclərinin kəskin artımının qarşısının alınması və büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır. Yeni qayda iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına yönəlmiş islahatların tərkib hissəsidir.

– Maliyyə Sabitliyi Şurasında təmsil olunduğunuz üçün bilmək istərdik: Maliyyə sisteminin dayanıqlığının təmin edilməsi yeni fiskal qaydaların hazırlanması gözlənilirmi?

– Bildiyiniz kimi, ölkənin makroiqtisadi sabitliyinin möhkəmləndirilməsi, maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli Fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılıb ki, Azərbaycan Respublikasının Baş nazirinin sədri olduğu bu Şuraya Prezident Administrasiyasının, habelə fiskal, monetar və maliyyə siyasətinə məsul olan qurumların rəhbərləri ilə yanaşı ARDNF-nin rəhbəri olaraq mənim də adım daxil edilib. Şuranın fəaliyyət göstərdiyi dövr ərzində fiskal və monetar sektorlarında islahatlara dair, habelə bank sektorunun sağlamlaşdırılması ilə bağlı tədbirlər planları hazırlanmış və bu tədbirlərin icrası təmin edilib. Bu dövr ərzində bu tədbirlər sırasında eyni zamanda neft gəlirlərinin istifadəsini, habelə icmal büdcə xərclərinin yuxarı həddini tənzimləyən yeni büdcə (fiskal) qaydasının hazırlanması təmin edilib. Qaydanın hazırlanmasında Maliyyə Nazirliyi, Mərkəzi Bank və Dövlət Neft Fondunun ekspertləri yaxından iştirak ediblər.

Büdcə qaydasına dair qanun Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 29 iyun 2018-ci il tarixində qəbul olunub və Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2018-ci il tarixli Fərmanı ilə bu qanun qüvvəyə minib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dövlət Neft Fondu, Mərkəzi Bank ilə birlikdə “Büdcə qaydalarına uyğun icmal büdcənin xərclərinin yuxarı həddinin hesablanması üzrə Təlimat”ın Layihəsi hazırlanıb. Layihə əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman layihələri və “Büdcə qaydalarına uyğun icmal büdcənin xərclərinin yuxarı həddinin hesablanması üzrə Təlimatı” və bu təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman layihələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 24 avqust 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 2019-cu büdcə ilindən başlayaraq yeni fiskal (büdcə) qaydasının tətbiqinə başlanıb. Fiskal qayda icmal büdcə xərclərinin, o cümlədən ölkənin xalis maliyyə aktivlərinə əsasən müəyyən edilən neft gəlirlərinin istifadəsinin yuxarı həddini, habelə qeyri-neft kəsirinin azaldılması üçün şərtlər müəyyən edir. Qaydaya əsasən icmal büdcə xərclərinin növbəti ilə nisbətən artımı 3%-dən çox ola bilməz.

– 2018-ci ildə Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) yaranmasının 10 illiyi ilə əlaqədar xüsusi tədbirlər nəzərdə tutulubmu? Və SFBF-nin növbəti illik iclası harada və nə zaman keçiriləcək?

– Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) yaranmasının 10 illiyi cari ilə təsadüf edib. SFBF-nin 10-cu illik görüşü Mərakeş Krallığının suveren fondu olan İthmar Kapital Fondunun dəstəyi ilə cari ilin sentyabr ayında Mərakeş şəhərində təşkil olunub və ARDNF də SFBF-nin üzvü olaraq bu tədbirdə iştirak edib. Bu tədbir ARDNF üçün də əlamətdar olub. Belə ki, yığıncaq zamanı SFBF-nin 5 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibinə seçkilər keçirilib və ARDNF-nin İcraçı direktoru olaraq mən İdarə Heyətinə üzv seçilmişəm. Eyni zamanda, tədbir zamanı SFBF-nin 2020-ci ildə 12-ci illik yığıncağının ARDNF-nin təşkilatçılığı ilə Bakıda keçirilməsi qərara alınıb. SFBF-nin növbəti 11-ci illik görüşünün ABŞ-ın suveren fondu olan Alyaska Daimi Fondunun təşkilatçılığı ilə 10-13 sentyabr 2019-cu il tarixlərində Alyaska ştatının paytaxtı olan Cuno şəhərində keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər