2 C
Baku
Sunday, December 15, 2024

Sahil Babayev: “Növbəti illərdə 31 DOST mərkəzi yaradılacaq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin – DOST Agentliyinin konsepsiyasının təqdimatı olub. Eyni zamanda dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalı, nazirliyin yeni loqosu və rəsmi internet səhifəsi də (www.sosial.gov.az) təqdim olunub.

Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov əhalinin sosial müdafiəsinin gücləndirilməsinin ölkə başçısının sosial siyasətinin mühüm istiqamətindən danışıb.

Ə.Əhmədov DOST Agentliyi və mərkəzlərinin mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağını diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST layihəsinin əhəmiyyətindən danışıb. Nazir görülən işlərin mühüm tərkib hissəsi kimi, artıq DOST Agentliyinin konsepsiyasının hazırlandığını deyib.

S.Babayev “e-sosial” internet portalından danışıb. Nazir qeyd edib ki, bu işlərlə bərabər, nazirliyin müasir iş prinsiplərini və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub.

Sonra 124 xidmət üzrə pasportlar, 116 vəzifə təlimatı, xidmətlərin göstərilməsi qaydaları, “Gənc DOST” proqramının və s. hazırlanması, mərkəzlərin elektron infrastrukturunun formalaşdırılması yönündə aparılan işlər barədə məlumat verilib. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılacağı bildirilib.

Nazirliyin yeni loqosu ilə bağlı qeyd olunub ki, burada istifadə olunan komponentlər nazirliyin məram və hədəfləri barədə mesajları çatdırır.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digərləri çıxış edərək, təqdimatlarla bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, yeni sayt – www.sosial.gov.az istifadəçiyə nazirlik, nazirliyin fəaliyyət sahələri, aidiyyəti xidmətlər, habelə müvafiq qanunvericilik barədə məlumat verir.

Son xəbərlər
Digər xəbərlər