16 C
Baku
Monday, October 28, 2024

Azərbaycanda rəsmi işsizlərin sayı

İşsizliyə görə müavinətin orta məbləği 260,0 manat olub.

Bu il noyabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 748,3 min nəfər olub, onlardan 4 510,8 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar təşkil edib.

Dövlət Statistika Komitəsinə verilən məlumata görə, bu il oktyabrın 1-nə muzdla işləyənlərin sayı 1 501,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 898,4 min nəfər, qeyri-dövlət bölməsində isə 603,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 38,0 min nəfər, qeyri-neft sektorunda isə 1 463,7 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində 1 457,6 min nəfər qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olub.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9%-i məhsul istehsalı sahələrində, onlardan 7,3%-i tikintidə, 6,8%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,4%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

Xidmət sahəsində çalışanların 22,4%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bu il noyabrın 1-nə kimi məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,7 min nəfər olub, onların 41,4%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 260,0 manat olub.

Son xəbərlər
Digər xəbərlər