Yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum staj tələbinin dəyişdirilməsi ilə bağlı qanunvericiliyə təklif olunan təklifin detalları məlum olub.
Banker.az xəbər verir ki, hazırkı qayda belədir: tələb olunan pensiya yaşına çatan şəxslər (hazırda kişilər üçün 63, qadınlar üçün 60) üçün 2 tələbdən biri ödənməlidir:
1) ya ən azı 25 il sığorta stajı olmalı;
2) ya da pensiyaya çıxmaq üçün müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının həcmi minimum pensiya almağa imkan verməlidir.
Hazırda minimum pensiya 110 manatdır. Bu məbləğin yaranması üçün, şəxsin pensiya kapitalının həcmi hazırkı dövrə 15 840 manat olmalı idi.
Bu barədə şərh verən iqtisadçı-ekspert Rəşad Ağayev bildirir ki, hazırkı reallıqda minlərlə insanın bu tələbi ödəyə bilmədiyindən pensiyasız qalmaq riski böyük idi.
Yeni dəyişiklik belədir: Pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq 2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə bərabər götürüləcək.
“Pensiya kapitalı isə əvvəlki əmsal-məbləğ əsasında hesablanacaq. Yəni 2006-cı ilin yanvarın 1-dək olan staj illərinin sayı 306 manata vurulacaq və bu şəxsə 7 650 manat pensiya kapitalı qazandıracaq.” – deyə R. Ağayev bildirir.
2005-ci ildən sonrakı dövr üçün isə pensiya kapitalının ümumi həcmi belə hesablanır:
1) 2006 yanvar-2017 iyun tarixində toplanmış sığorta kapitalı 80% artırılır, ümumi məbləğ 144-ə bölünür;
2) 2017-ci iyul-2018 dekabradək toplanmış sığorta kapitalının 90%-i götürülür və alınan rəqəm yenə 144-ə bölünür.
3) 2005-ci ilin sonunadək müəyyən edilən 7 650 manat da nəzərə alınmaqla 2006-2018-ci illərdə toplanan kapitalın həcmi 144-ə bölünür və pensiyanın həcmi tapılır.
Bir sözlə 25 illik staj tələbi həll edildi, amma vacibdir ki, 2018-cil ilin iyul ayınadək fərdi hesabda qeydə alınmış pensiya kapitalı olsun.
Yeri gəlmişkən bu qayda 2019-2020-ci illərdə yaşa görə pensiyaya çıxanlara aiddir. 2021-cii ildən başlayaraq isə 25 illik güzəşt hər il 1 il azaldılacaq. Məsələn, 2025-ci ildə artıq 2006-cı ilə qədər sığorta stajı 25 il yox, 20 il götürüləcək. Yerə qalan 5 ilin isə 2006-cı ildən sonrakı dövrdə qazanılması vacibdir.
“Sığorta stajı məsələsi demək olar həllini tapdı. Qaldı pensiya yaşı İndiki orta ömür uzunluğu ilə müqayisədə 65 yaş kişilər üçün yüksəkdir. Ən azından 2030-cu ilə qədər 63 ya. səviyyəsində saxlanması məqbuldur. Birgə müəyyən peşə xəstəliyi tutmaq riski yüksək olan sahələr var ki, onların da erkən pensiyaya çıxmaq hüququ tanınmalıdır. Bu xüsusən müəllimlərə aiddir. Məsələn, minimum 35 il staj toplayan müəllimləri, özləri istədikdə pensiyaya çıxarmaq mümkündür. Amma burda vacib məsələlərdən biri odur ki, müəllimlərin pensiyası onların aylıq maaşına faizlə bağlansın və hərbçilərdə, deputatlarda, məmurlarda olduğu kimi maaşların 70-80%-dən az olmasın. Bir Türkiyədə olduğu kimi onlara hesablanmış pensiyanın 1 illiyi həcmində birdəfəlik müavinət verilsin.” – deyə ekspert fikrini tamamlayıb.