Nazirlər Kabineti “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”nda dəyişiklik edib.
Banker.az-ın məlumatına görə, bu Qaydalarla suların vəziyyətinə birbaşa və yaxud dolayı təsir edən obyektlərin tikintiləri üçün torpaq sahələrinin ayrılmasına icazə verilməsi, onların layihələndirilməsi və istifadəyə verilməsinin bu sahədə nəzarəti həyata keçirən dövlət orqanları ilə razılaşdırılması məsələləri tənzimlənir.
Bu Qaydalar respublikanın su ehtiyatlarının kimyəvi, bakterioloji, radioaktiv, mexaniki, istilik və maqnit çirklənməsindən mühafizə olunmasını əhatə edir və tikilən, yenidən qurulan, yeni texniki avadanlıqla təchiz olunan bina və qurğularda su təchizatı mənbələrinin normal istismarına, eləcə də çirkab suların kənar edilməsinin optimal sxem üzrə lazımi səviyyədə təmizlənməsi və zərərsizləşdirilməsinə yönəldilib.
Tikilən, yenidən qurulan, yeni texnika ilə təchiz edilən tikinti obyektlərinin inşası və istismarı zamanı təbii suyun keyfiyyətinə təsir edən obyektlər eyni qaydada razılaşdırılır. İndiyə qədər bu halda bütün hüquqi və fiziki şəxslər yerüstü su mənbələrini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə, yeraltı su mənbələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanları və xüsusi mülkiyyətçilər, sanitariya, lazım gəldikdə səlahiyyətləri daxilində, dəniz və çay naviqasiyası, liman idarəsi, torpaq idarələr və baytarlıq xidməti ilə razılaşdırmalı idi. Dəyişikliyə əsasən baytarlıq xidmətinin bu sahədə səlahiyyətləri Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinə verilib. Başqa sözlə, bundan sonrayerüstü və yeraltı su mənbələrinin vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi lazım gəldikdə səlahiyyətləri daxilində Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə də razılaşdırılmalıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 25 iyun 2018-ci il tarixli fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Nəzarəti Xidməti yenidən təşkil edilib. Baytarlıq nəzarəti sahəsində səlahiyyət yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinə, baytarlıq sahəsində xidmət isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub. Buna görə də qurumun adı dəyişdirilib, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti adlandırılıb. Nazirlər Kabinetinin “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”nda etdiyi dəyişikliyə əsasən yeraltı və yeraltı suların vəziyyətinə təsir edən obyektlərin tikintisi zamanı da nazirlik və Agentlik bu sahədə müvafiq səlahiyyətlərə malik olacaqlar.