6 C
Baku
Saturday, December 14, 2024

Müəssisənin əmlak vergisi nədir və 2019-cu ildən necə hesablanacaq?

Müəssisənin əmlak vergisi dedikdə, müəssisənin balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür. Vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridir. Əmlak vergisi üzrə müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri Azərbaycanda özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri vergitutma obyekti sayılır. Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Banker.az bu barədə “Vergilər” qəzetinin yazısını sizlərə təqdim edir.

Qəzet bildirir ki, bu sahədə də müəyyən vergi güzəştləri və azadolmalar mövcuddur. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünüidarəetmə orqanları, Mərkəzi Bank və onun qurumları, dövlət fondları və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddırlar.

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri ekologiya, yanğından mühafizə və ya mülki-müdafiə üçün istifadə edilən obyektlərin, məhsulötürücü kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerjiötürücü xətlərin, meliorasiya və suvarma sistemi obyektlərinin, yol vergisinə cəlb edilən avtonəqliyyat vasitələrinin, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin dəyərində azaldılır. Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fiziki şəxslər həmin parkda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il müddətinə bu parkdakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru həmin parkın ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ( o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər 2019-cu ilin yanvar ayının 1-dək bu fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Əmlak vergisi müəssisənin əmlakının orta illik qalıq dəyərinə əsasən hesablanır. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, əmlak vergisi bazar qiyməti nəzərə alınmaqla hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla hesablandığı halda, həmin əmlaka əmlakın orta illik qalıq dəyərindən əmlak vergisinin hesablanması qaydası tətbiq edilmir.

Vergi təqvimi

Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır. Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir. Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin  ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin  ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.

Misala baxaq…

Müəssisənin əmlak vergisinin hesablanması:

Əmlakın ilin əvvəlinə qalıq dəyəri     28000,0

Əmlakın ilin sonuna qalıq dəyəri       24000, 0

Orta illik qalıq dəyəri      26000,0

(28000, 0+24000, 0)/2

Əmlak vergisi:

26000, 0*1% =260,0 manat

Ekspert Rəşad Əliyevin rəyi

 Əmlak vergisinin tətbiqində ölkədə aparılan iqtisadi islahatların ümumi istiqamətləri öz əksini tapıb. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslərin fəaliyyət prosesində istifadə etdikləri əsas vəsaitlərin 2019-cu ilə kimi əmlak vergisinin ödənilməsindən azad olunması aqrar sektorunun inkişafına xidmət edir. Bu, həmin sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin vergi yükünü və xərclərini azaldır.

 

Son xəbərlər
Digər xəbərlər