Çinin valyuta ehtiyatları bu ilin iyul ayından bəri ilk dəfə noyabrda gözlənilmədən artıb.
Banker.az Report-a istinadən xəbər verir ki, artım ölkənin milli valyutası – yuanın məzənnəsinin ötən ay 0,2% möhkəmlənməsi fonunda baş verib. Qeyd edək ki, bu, yuanın bu ilin mart ayından bəri ilk bahalaşmasıdır. Milli valyutaya marağın artması ABŞ prezidenti Donald Trampın Çin prezidenti Si Tszinpinlə görüşünün gözlənilməsidir.
Beləliklə, dekabrın 1-nə Çinin valyuta ehtiyatları 3,062 trln. dollar təşkil edib ki, bu da noyabrın 1-i iə müqayisədə 9 mlrd. dollar çoxdur. Ölkənin qızıl ehtiyatlarının dəyəri isə noyabrda 71,968 mlrd. dollardan 72,122 mlrd. dollara yüksəlib.
Qeyd edək ki, analitiklər noyabrda Çinin valyuta ehtiyatlarının 16 mlrd. dollar azalaraq 3,037 trln. dollara düşəcəyini proqnozlaşdırırdılar. Ehtiyatların artmasına səbəb kimi məzənnədəki dalğalanma və aktivlərin qiymətindəki müsbət dəyişiklik göstərilir. Çin Mərkəzi Bankı bazardakı dalğalanmaya baxmayaraq ehtiyatların stabil qalacağını gözləyir.