Bu gün Bakıda “Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans başlayıb.
Banker.az xəbər verir ki, tədbiri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıb.
O qeyd edib ki, ölkədə iqtisadiyyatın innovativ inkişafı üçün ciddi addımlar atılır.
“Ölkədə texnoparklar, biznes inkubatorlar yaradılır. Təcrübə göstərir ki, innovativ layihələrin böyük əksəriyyəti məhz informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır”,- nazir bildirib.
R.Quluzadənin sözlərinə görə, son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır: “Bu gün blokçeyn texnologiyaları təkcə rəqəmsal pul vahidləri kimi deyil, həmçinin sistem reyesterlərində, elektron imza kimi sahələrdə də istifadə edilir. Hesab edirik ki, bu texnologiyalar ölkəmizdə də geniş şəkildə tətbiq olunmalıdır”.