14 C
Baku
Sunday, November 24, 2024

Gələcəkdə maliyyə böhranının olmaması proqnozlaşdırılır

Müsahibimiz: İqtisadçı ekspert Vüqar Bayramovdur

Azərbaycan iqtisadiyyatı 2013-cü ili məhz iqtisadi baxımdan artımla başa vurdu. Belə ki, ilin yekunlarına əsasən  Azərbaycan iqtisadiyyatında artım tempi  umumdaxili məhsullarda 5,8 %  oldu. Eyni zamanda qeyri neft sektorunda da 10% artım qeydə alındı. Praktiki olaraq 2013-cü il makroiqtisadi göstəricilərdə artımın olması ilə yadda qaldı. Belə ki, 2013-cü ildə makroiqtisadi göstəricilərdə artımın qeydə alınması,  2014-cü ildə həm Azərbaycan iqtisadiyyatı ilə bağlı, həm də iqtisadi artımla bağlı proqnozlardır. Eyni zamanda digər, o cümlədən də büdcə proqnozlarında positiv tendensiyanın qorunub saxlanmasına imkan verir.  2014-cü il əvvəlki illərdən fərqli bir il kimi qiymətləndirilir. Əsas fərq ondan ibarətdir ki, 2014-cü il qeyri-neft sektorunun iqtisadiyyatda payının artırılması, və iqtisadiyyatda şaxələnməsi ili kimi yadda qalacaq. Dövlət büdcəsində 2014-cü ildə qeyri neft sektorunun payı son 10 ildə ilk dəfə olaraq 35% -ə çatacaq. Əgər nəzərə alsaq ki, əvvəlki illərlə müqayisədə qeyri neft sektorunun payı ən yaxşı halda 25% idi. Bu da o deməkdir ki, qeyri neft sektorunun payı 10%  dövlət büdcəsində artacaq. Qeyri neft sektoru hesabına dövlət büdcəsinin formalaşdırılmasına nail olmaq mümkün olacaq. Ümumdaxili məhsulda qeyri neft sektorunun payı ilk dəfə olaraq 62%-ə çatacaq. Bu isə o deməkdir ki, son 10 ildə     ilk dəfə olaraq    qeyri neft sektorunun ümümdaxili məhsuldakı payı 60% lik limiti keçəcək. Və neft sektorunun payı 38%-ə enəcək, praktiki olaraq ümumdaxili məhsulda neft sektorunun dominantlığına son qoymaq mümkün olacaq. Bu da təbii ki, dövlət  büdcəsinin gəlir hissəsinin  formalaşmasında hələ də neft sektoru əsas gəlir sektoru kimi qalacaq. Amma müqayisəli olaraq neft sektorunun dövlət büdcəsindəki gəlirlərinin  payının azalması tendensiyası qeydə alınacaq.

Eyni zamanda dövlət büdcəsinin gəlirlərində vergili daxilolmaların payının artması nəzərdə tutulur. Dövlət büdcəsinin gəlir hissəsinin strukturunda da dəyişikliklər olacaq. Eyni zamanda 2014-cü ildə ümumdaxili məhsulda 4,7% artım, qeyri neft sektorunda isə 10%-ə yaxın artım proqnozlaşdırılır. Yenə də neft və qeyri neft ümumdaxili məhsullarının artım tempini müqayisə etsək, 2014-cü ildə neft sektorunda azalma neft hasilatında proqnozlaşdırılır. İstər Dövlət Neft Şirkətinin, istərsə də Bp-nin proqnozlarına əsasən 2014-cü ildə neft hasilatı 2013-cü ilə nisbətən azalacaq. Belə ki, 2013-cü ildə Azərbaycan 43,2 mln ton neft hasil etmişdi. Güman olunur ki, 2014-cü ildə Azərbaycanda neft hasilatı 43 mln tondan az olacaq.   Əksinə mavi qaz hasilatında isə artım proqnozlaşdırılır. 2014-cü ildə mavi qaz hasilatı 2013-cü ilə nisbətən təxminən 5 % artacaq. Və bütövlükdə 2014-cü ilin iqtisadi mənzərəsi ondan ibarətdir ki, neft hasilatında azalma tempi az da olsa davam edəcək. Amma buna uyğun olaraq qeyri neft sektorunun payında artım müşahidə olunacaq. Qeyri neft sektorunun payının artması və iqtisadiyyatın şaxələnməsi istiqamətində atılan addımlar həm ümümdaxili məhsulda, həm dövlət büdcəsində qeyri neft sektorunun payının artmasına gətirib çıxaracaq. Bu da Azərbaycan ixracatında qeyri neft sektorunun müqayisəli olaraq payının artmasına və qeyri neft sektorunun payının təxminən 9%-dək yüksəlməsinə səbəb olacaq.  Bank sektoru Azərbaycanın qeyri neft sektorlarının əsas sahələrindən biridir. Eyni zamanda güman olunur ki, Vergilər nazirliyi nəğdsiz hesablaşmaların tətbiq edilməsi, əvəzində isə nəğd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı Vergi Məcəlləsində dəyişikliklər edəcək.  Çünki bir tərəfdən iqtisadiyyat inkişaf edir, digər tərəfdən isə iqtisadiyyatın inkişaf etməsi pul dövriyyəsinə daxil olan pul həcminin artmasına gətirib çıxaracaq. Və 2013-cü ilin yekunlarında da pul dövriyyəsinin həcmində ciddi artımlar var. Praktiki olaraq pul dövriyyəsində nəğd pul dövriyyəsinin həcminin artması artıq müşahidə edilir. Və kredit portfeli ümumi olaraq 20% -ə yaxın,  istehlak kreditləşməsi isə 35% artıb.  Təbii ki, bir tərəfdən nəğd pulun həcminin artması, digər tərəfdən isə tənzimlənən qiymətlərdəki artım inflyasiyanı və qiymət artımını sürətləndirən əsas faktorlardır. 2014-cü ildə Mərkəzi bankın əsas funksiyalarından biri bank sektoru vasitəsilə pul dövriyyəsinə daxil olan nəğd pulların həcmini azaltmaq  və buna uyğun olaraq istehlak kreditlərindəki artımın qarşısını almaq və Mərkəzi bankın proqnozlaşdırdığı təxminən     4% olan inflasiya səviyyəsinə nail olmaqdan ibarət olacaq. Nəzərə alsaq ki, 4 fevral 2014-cü il tarixdə keçirilən müşavirədə ölkə başçısı kommersiya banklarını daha çox biznes sektoruna yer verməsinə çağırdı. Bu isə o deməkdir ki, 2014-cü ildə əsas dəyişikliklərdən biri də o olacaq ki, banklar retail bankçılıqdan  daha çox korporativ bankçılığa keçəcəklər. Yəni, banklar kütləvi kreditləşmədən daha çox biznes kreditləşməsinə üstünlük edəcəklər. Kommersiya banklarının kredit portfelinə nəzər yetirsək görərik ki, təxminən 1,5 mlrd təşkil edən kredit portfelinin yalnız çox az bir hissəsinin sənaye və istehsal kreditlərinə yönəldilən kreditlərdir. Bu isə o deməkdir ki, Azərbaycanda sənaye və istehsal sektoruna yönəldilən kreditlərin həcmi çox aşağı olaraq, kredit portfelinin yalnız təxminən 14%-ni təşkil edir. Bu çox aşağı bir göstəricidir. Təbii ki, burdan aydın görünür ki, kredit porfelində struktur dəyişikliyinin olması vacib məsələlərdən biridir. 2014-cü ildə iqtisadiyyatın şaxələnməsi ilə bağlı verilən rəsmi proqnozlara əsasən deyə bilərik ki,   2014-cü il Biznes kreditləşməsi ili kimi yadda qalacaq.

Mərkəzi bankın bank sektorunda məhdudlaşdırıcı addımlar atması proqnozlaşdırılır. Mərkəzi bankın verdiyi məlumata əsasən deyə bilərik ki, bugün 15,4 mlrd manat təşkil edən kredit portfelinin təxminən 40% -ni, yəni  təxminən 6 mlrd manat pul kütləvi kreditləşmənin və təxminən 10% mikrokreditlərin payına düşür.  Mikrokreditlərin də kütləvi kreditləşməyə aid olmasını nəzərə alsaq, bu zaman deyə bilərik ki, istər istehlak kreditləri, istərsə də  mikrokreditlər ümumi kredit portfelinin təxminən yarıdan çoxunu təşkil edir. Kredit porfelinin strukturu göstərir ki, bank sektorunda inzibati olsa da belə müəyyən tədbirlərin görülməsinə ehtiyac var. İstər 2012-cü il, istərsə də 2013-cü illərdə kommersiya banklarının istehlak kreditləşməsinə meyliliyinin artması təbii ki, daha çox mənfi addımların artması ilə bağlıdır. Amma 2013-cü ilin yekunları göstərdi ki, kommersiya bankları tərəfindən verilmiş təxminən 800 mln manata yaxın kreditin geri qaytarılması mümkün deyil.  Belə kreditlərin geri qaytarılması  çox vaxt mümkün olmur. Yəni bunlar artıq ölmüş, vaxtı keçmiş və ya problemli  kreditlər sayılır. Problemli kreditlər Azərbaycan kredit portfelinin 5,1 %-ni təşkil edir. Bu isə beynəlxalq göstəricilərlə müqayisədə yüksək bir göstəricidir. Yəni beynəlxalq göstəricilərə əsaslansaq, onda deyə bilərik ki, əgər problemli kreditlər kredit portfelinin təxminən 3% -dən artıq hissəsini təşkil edirsə, o zaman vəziyyət kritik hesab olunur. Azərbaycanda beynəlxalq standartlarla müqayisədə vəziyyət kritik həddən 2 dəfə daha pisdir. Təbii ki, problemli kreditlərin həddi istehlak kreditlərinin hesabına artır. Mərkəzi bankın verdiyi məlumata əsasən, vətəndaşların yaratdığı problemli kreditlər artıq kütləvi hala çevrilmişdir. Hətta bəzi vətəndaşlar istehlak krediti götürüb səyahətə də gedirdi. Amma sonradan həmin krediti qaytara bilmirdi. Eyni zamanda   2013-cü ilin yekunlarında banklarla müştəri arasında yaranan ən ciddi problemlərdən biri də elə bu idi. İstehlak kreditlərinin genişlənməsi və kommersiya banklarının demək olar ki, şərtsiz, bəzən isə müəyyən bir məbləğə qədər heç bir arayış təqdim etmədən istehlak kreditləri verməsi həddən artıq çox idi. Baxmayaraq ki, 2008-ci ildə Mərkəzi Bank tərəfindən qəbul edilmiş, 2010-cu ildə isə kreditlərin verilməsi barədə bu qanuna edilən dəyişikliklərə əsasən arayış olmadan kreditlərin verilməsi qadağandır. Belə haların isə çoxalması artıq kütləvi bir hal almışdı. Bu da öz növbəsində problemli kreditlərin artmasına gətirib çıxardı. Və nəticədə Mərkəzi Bank inzibati yolla və daha  sərt qaydalarla kütləvi kreditləşmənin məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdi və Mərkəzi Bankda fevral ayının 1-dən artıq qüvvəyə minmiş yeni qaydaya əsasən istehlak kreditləşməsi üçün kommersiya banklarındakı normalar daha da sərtləşdirildi. Biznes kreditləşməsi ilə müqayisədə istehlak kreditləşməsi üçün kommersiya banklarının özlərinin məcburi normaları iki dəfə daha sərt oldu. Bu isə o deməkdir ki, bundan sonra kommersiya banklarının istehlak kreditinə nisbətən daha çox biznes kreditinə meyl etmələri Mərkəzi bank tərəfindən yönləndiriləcək. Və 2014-cü ildən etibarən biznes kreditləşməsinin Azərbaycan bazarında dünya praktikasına uyğun olaraq ümumi kredit portfelinin təxminən 40%-ni təşkil etməsi proqnozlaşdırılır. Hal-hazırda isə bu göstərici həddən artıq aşağıdır. Mərkəzi bankın son məhdudlaşdırma xarakterli addımlar atmasından sonra gələcəkdə maliyyə böhranının olmaması proqnozlaşdırılır.

İpoteka kreditləşməsinə gəlincə isə demək istərdim ki, əslində ipoteka kreditinin fəlsəfəsi ondan ibarətdir ki,  evi olmayan gənclər özlərinin mənzil problemini həll edirlər. Əgər dünya praktikasına əsaslansaq Azərbaycanda da Sosial Mənzil Fondunun yaranmasının vacibliyini görürük. Azərbaycanda 2008-ci ildə qəbul olunmuş Mənzil məcəlləsinə əsasən Sosial Mənzil Fondunun yaradılması nəzərdə tutulur. Əslində Sosial Mənzil Fondunun yaradılmasının mahiyyəti ondan ibarətdir ki, verilən dövlət büdcə vəsaitinin hesabına mənzillər inşa etdirir. Yəni dövlət tərəfindən tender elan olunur və sonda qalib gələn şirkət dövlət büdcəsindən ayrılan vəsait hesabına sosial mənzillər tikərək vətəndaşlara təqdim edir. İnşa olunmuş mənzillər bütün xərclər nəzərə alınmaqla uzunmüddətli faizsiz kreditlərlə vətəndaşlara verilir. Məsələn, Türkiyədə vətəndaşlar ayda cəmi təxminən 80 dollar ödəməklə iki otaqlı sosial mənzillərlə yararlana bilirlər. Belə oxşar praktika Rusiyada da artıq tətbiq olunur. Sosial Mənzil Fondunun ipoteka kreditlərindən əsas fərqi odur ki, əgər ipoteka kreditləşməsi tələb artırırsa, bundan fərqli olaraq Sosial Mənzil Fondu isə əvəzində daha çox təklif artırır. Yəni, ipoteka kreditləşməsində vətəndaş kredit vəsaitini götürərək özü mənzil bazarına nəğd pulla daxil olaraq mənzil alır. İpoteka kreditindən fərqli olaraq Sosial Mənzil Fondu tələb yox, yalnız təkliflər təqdim edəcək. Və nəticədə dövlət bazara pulla deyil, mənzillə daxil olacaq. Və dövlət bazara mənzillə daxil olduğu üçün bu göstərici mənzil bazarında tələbin azalması, əvəzində isə təklifin çoxalmasına gətirib çıxaracaq. Güman olunur ki, Sosial Mənzil Fondunun yaradılması ilə bağlı layihə yaxın gələcəkdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Və güman olunur ki, növbəti ildən etibarən Sosial Mənzil Fondunun yaradılması istiqamətində daha real addımlar atılacaq.

İpoteka kreditinin faiz dərəcəsi yüksəkdir. Məsələn, əgər vətəndaş 50 000  manat dəyərində olan mənzili 8 % lə 25 illik kreditlə əldə edirsə, bu zaman 25 ildən sonra vətəndaş götürdüyü 50 000 manat üçün 120 min manat pul ödəmək məcburiyyətində olur. Bu isə o deməkdir ki, vətəndaşın aldığı 50 000 manatlıq mənzilin qiyməti avtomatik olaraq 120 000 manat dəyərində hesablanır. Belə bir rəqəm göstəricisi əlbəttə ki, təqdim olunan yüksək faizlərlə bağlıdır. Rusiya, Türkiyə və hətta Avropa ölkələrinə nəzər salsaq görərik ki, Azərbaycanda təqdim olunan ipoteka kreditinin faizi qonşu ölkələrdən bir neçə dəfə çoxdur. Bu da onu göstərir ki, Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcəsinin aşağı salınması vacibdir.

Digər bir tərəfdən yanaşsaq ipoteka kreditlərinin şərtlərində başqa bir dəyişikliyin də olmasının vacibliyini görərik. Məsələn, gənc ailələr ipoteka krediti götürdükdə ilk ödəniş üçün vəsaiti ödəyə bilmədiklərinə görə bir sıra problemlər yaşayırlar. Təəssüflər olsun ki, təxminən 9 il bundan öncə ipoteka zəmanət fondunun formalaşdırılması barədə qərar qəbul olunsa da, bu qanuna hələ də əməl olunmayıb.  Zəmanət fondunun formalaşdırılması ona görə vacibdir ki, zəmanət fondu imkan verəcək ki, vətəndaş ilkin ödəniş etmədən ipoteka krediti götürmək imkanı qazanacaq. Bu isə hətta az təminatlı ailələrin də ipoteka kreditindən yararlanmasına şərait yaradacaq.

Amma ipoteka kreditlərinin şərtlərində digər bir dəyişikliyin də olması vacibdir.  Demək olar ki,  Azərbaycan ipoteka kreditlərinin verilməsinə görə tələb olunan sənədlərin sayına əsasən dünyada birinci yer tutur. Dünyanın heç bir ölkəsində kredit götürmək üçün 18 növ sənəd tələb olunmur. Biz də buna görə sənədlərin sayının azaldılması üçün elektron ipoteka sisteminin yaranmasını təklif edirik.

Digər bir problem isə kommersiya banklarının ipoteka kreditlərini verən zaman sıralanmaya fikir verməmələridir. Bəzən də elə olur ki, hər hansı bir yaxın münasibət və ya qeyri rəsmi ödənişlərin hesabına ipoteka krediti üçün daha gec müraciət edən vətəndaşlar, digər daha tez müraciət edənlərə nisbətən tez ipoteka kreditini əldə edirlər. Bəzən hətta bir neçə ay öncə müraciət edən vətəndaş qala-qala, sonradan müraciət edənlər daha çox şans qazanırlar. Bütün bu xoşagəlməz hallar tezliklə  elektron ipoteka sisteminin formalaşmasından sonra bir daha yaşanmayacaq.

Əslində ipoteka kreditləşməsinin şərtlərinin daha da yüngülləşməsinə ehtiyac duyulur. Kommersiya bankları çalışmalıdırlar ki, elə zonalarda mənzil almaq üçün ipoteka kreditləri versinlər ki, həmin zonalarda qiymət artımı nisbətən zəifdir. Yəni, daha çox qiymət artımı nəzərə alınan zonalara ipoteka kreditinin daxil olması arzuolunan deyil. Çünki belə olan təqdirdə daha da ciddi qiymət artımlarının yaranmasına gətirib çıxaracaq. Ancaq o zonalarda ki, qiymət artımı daha stabildir, məhz elə zonalara ipoteka kreditinin daxil olması arzuolunandır. Məhz buna görə də ipoteka kreditləşməsinin coğrafi strukturunun dəyişdirilməsinə ehtiyac duyulur.

Son xəbərlər
Digər xəbərlər