Nazirlər Kabinetinin təsdiq etdiyi “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən, Azərbaycanda sahibkarlıq subyektləri 4 qrupa bölünür.
İşçilərinin sayı 10 nəfərə, illik gəliri 200 min manata qədər olanlar mikro sahibkarlar, 11-50 işçisi olan və 3 milyon manatadək illik gəliri olanlar kiçik sahibkarlar adlandırılacaq. 51-250 işçisi və 3-30 milyon manat illik gəliri olanlar orta sahibkarlar hesab ediləcək. İri sahibkarlar isə 251 və ondan yuxarı işçiyə və 30 milyon manat illik gəlirə malik olanlardır. Qərarda qeyd olunub ki, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir və sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən bir il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
İqtisadçı Rəşad Əliyev bildirib ki, bu meyarların müəyyən edilməsi vergiqoyma məsələlərində böyük əhəmiyyət kəsb edir. Vergi Məcəlləsində ilk dəfə olaraq mikro sahibkarlıq subyektlərinin vergiyə cəlb edilməsi nəzərə alınır. Məcəlləyə edilmiş dəyişikliklərə əsasən, mikro sahibkarlıq subyektləri olan hüquqi şəxslərin mənfəətinin 75 faizi mənfəət vergisinə, sahibkar fiziki şəxslərin isə gəlirinin (Məcəllə ilə nəzərdə tutulmuş xərclər çıxıldıqdan sonra) 75 faizi gəlir vergisinə cəlb edilmir. Bundan əlavə, dividendlərin vergiyə cəlb olunması ilə əlaqədar güzəştlər mövcuddur: “Meyarların müəyyən edilməsində iki göstərici – işçilərin sayı və dövriyyəsi nəzərə alınır. Burada vergi ödəyicisinin əvvəlki vergi rejimi üzrə heç bir məlumatı nəzərə alınmır. Bu o deməkdir ki, həmin meyara cavab verən bütün ƏDV ödəyiciləri (məsələn, dövriyyəsinə görə ƏDV-yə düşməsə də əvvəlki dövrdə könüllü qeydiyyata duran və ya əvvəlki dövrdə dövriyyəsi xeyli aşağı düşmüş ƏDV ödəyiciləri), sadələşdirilmiş vergi ödəyicisi hüququ olmayan (eyni zamanda ƏDV ödəyicisi olmayan mənfəət və gəlir vergisi ödəyiciləri) və sadələşdirimiş verginin ödəyicisi olan şəxslər mikro sahibkarlıq subyektləri hesab ediləcəklər”.
Qeyd olunub ki, bəzi ƏDV ödəyiciləri də mikro sahibkarlıq subyekti meyarlarına cavab vermək hüququ əldə edə bilirlər: “Belə olan halda, onlar 75 faiz (hüquqi şəxslər mənfəət üzrə, sahibkar fiziki şəxslər xalis gəlir üzrə) güzəştdən, eləcə də digər güzəştlərdən istifadə edə biləcəklər. Bunun üçün onların əvvəlki ilin nəticələrinə görə dövriyyələri 200 min manatdan çox, işçilərinin sayı isə 10 nəfərdən artıq olmamalıdır”.
İqtisadçı Vüqar Bayramov qeyd edib ki, yeni meyarların müəyyənləşdirilməsi nəticə etibarilə mikro sahibkarların güzəştlərə əlçatanlığının müəyyənləşdirilməsi baxımından vacib idi. Bundan əlavə, kiçik sahibkarlar üçün də həm gəlir, həm də mənfəət vergisinə güzəştlər tətbiq edilib. İnnovativ fəaliyyətdən əldə edilən mənfəət startaplar üçün növbəti 3 il ərzində vergidən azaddır. Beləliklə, təsnifatın aparılması standartların tətbiqi baxımından əhəmiyyət daşıyır. Ekspertin fikrincə, təsnifat Azərbaycanda sahibkarlıq subyektlərinin beynəlxalq standartlara uyğun qruplaşdırılmasına şərait yaradır. Bu həm də bütövlükdə dövriyyəni müəyyənləşdirməklə mikro, kiçik və orta sahibkarların vergidə payının daha dəqiq ölçülməsinə imkan verir.
Təsnifat həm sahibkarların vergi güzəştlərindən istifadə imkanlarının genişləndirilməsi, meyarların beynəlxalq standartlara uyğunlaşdırılması, həm də ÜDM-də mikro, kiçik və orta sahibkarlığın payının dəqiq ölçülməsi baxımından əhəmiyyətlidir.