“2018-ci il makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər. Büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub.
Bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Onun sözlərinə görə, xarici ticarət balansındakı müsbət saldo tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3,0 milyard ABŞ dolları məbləğində və ya 6,5 faiz artmasını şərtləndirib: “2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5 faizini təşkil edib. Ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub. 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262,0 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı faktiki olaraq 644,0 milyon manat az olub və ya 307,0 milyon manatadək daralıb. Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207,0 milyon manat, 2017-ci illə müqayisədə isə 378,0 milyon manat və ya 4,4 faiz çox təşkil edib.
2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib. Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244,0 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825,0 milyon manat və ya 31,6 faiz çoxdur.
Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət büdcəsindən 15,0 milyon manat məbləğində ixrac təşviqləri ödənilib.
Möhtərəm Prezident, 2018-ci ildə təsdiq etdiyiniz dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın icrasına başlanılıb və ötən il ərzində görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəkindən 3,8 faiz-bənd azalıb və 19,0 faiz təşkil edib. Bununla yanaşı, daxili qiymətli kağızlar bazarının təşviqi, bank və sığorta sektorunun inkişafı üçün maliyyə alətlərinə olan tələbatın ödənilməsi, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə il ərzində daxili bazarda 1 milyard 81 milyon manat məbləğində daxili dövlət borc kağızları yerləşdirilib. Ümumiyyətlə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərə 2 milyard 260 milyon manat vəsait istifadə olunub”.