Müsahibimiz: Səyahətçi jurnalist Azər Qərib
Azər bəy, bir səyahətçinin arsenalında plastik kart nə qədər əhəmiyyətli bir alətdir?
Mən həmişə bütün səyahətlərimi əvvəlcədən planlaşdırıram. Bu isə kredit kartları olmadan mümkün deyil. Əvvəlcədən otel sifariş edirəm və heç bir zaman avia biletləri aviakassalardan almıram. Həmişə biletləri məhz aviaşirkətlərin rəsmi saytlarından əldə edirəm. Bu qiymət baxımından çox sərfəlidir. Çünki biletləri aviaşirkətlərin rəsmi saytlarından aldıqda müəyyən güzəştlər təqdim olunur. Mən heç təsəvvür edə bilmirəm ki, kredit kartları olmasaydı, səyahətlərimi necə planlaşdırardım? Bir çox hallarda isə hər hansı bir ölkəyə səyahətə getməmişdən əvvəl mən hətta orada istifadə edəcəyim avtobus, muzeylərə giriş və ya qatar biletlərini də sifariş edirəm. Şükürlər olsun ki, əvvəlcədən əldə etdiyim biletlərə görə hələ ki, heç bir problem yaşanmayıb. Ümumiyyətlə, kredit kartları hər bir səyahətçi üçün əvəzolunmaz bir alətdir.
Ümumiyyətlə Azərbaycanla müqayisədə dünya ölkələrində plastik kartlara münasibət və eləcə də plastik kartdan istifadə hansı səviyyədədir?
Sözsüz ki, dünya ölkələrində plastik kartlara münasibət və eləcə də plastik kartdan istifadə bütün ölkələrdə eyni deyil. Məsələn, Avropanın qərbində demək olar ki, insanlar heç bir zaman ciblərində nağd pul gəzdirmirlər. Və onların bütün fəaliyyəti məhz plastik kartlarla bağlıdır. Ancaq post Sovet məkanına, Asiya və ya Şərq ölkələrinə nəzər yetirsək, görərik ki, həmin ölkələrdə plastik kartlara münasibət və eləcə də plastik kartdan istifadə Avropa ölkələrində olduğu kimi deyil. Bəlkə də bu mentalitetlə bağlıdır. Bilirsiniz, düzünü desəm uşaqlıqdan bəri “kişinin cibində pul olar” sözünü daima eşitmişik. Yəqin ki, hələ də belə bir tezislə yaşayanlar var. Bəlkə də, onlar bir az haqlıdırlar.
Amerika və Avropa ölkələrində isə insanlar nadir hallarda özləri ilə böyük məbləğdə pul gəzdirirlər.
Sizcə nəyə görə ölkə əhalisinin böyük bir hissəsi plastik kartları istifadə etməkdən çəkinir? Bəlkə bu Azərbaycan bazarında bankların özünü kifayət qədər doğrultmamağından irəli gəlir?
Əfsuslar olsun ki, Azərbaycanda plastik kartlardan istifadə etmək üçün nəzərdə tutulan məkanların sayı hələ də məhduddur. Belə ki, Bakıda bir çox yerlərdə artıq plastik kartlardan istifadə edərək qeyri-nağd ödənişlər həyata keçirmək mümkündür. Ancaq Bakıdan kənarda yerləşən regionlara nəzər yetirsək görərik ki, plastik kartlardan istifadə edərək qeyri-nağd ödənişlərin həyata keçirilməsi heç də asan deyil. Düşünürəm ki, ölkə əhalisinin böyük bir hissəsi məhz bu səbəbə görə plastik kartlar istifadə etməkdən çəkinir. Digər bir səbəb isə budur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə çox inkişaf edib. Bu inkişaf özünü iqtisadiyyatda da biruzə verdi. Bildiyiniz ki, təxminən son 10-15 ildir ki, artıq ölkə əhalisi plastik kartların mövcudluğu barədə məlumat alıb. Düşünürəm ki, onların plastik kartlar istifadə etmələri üçün vaxt gərəkdir. Yəni, ilk öncə onlar buna psixoloji cəhətdən hazırlıqlı olmalıdırlar. Və ən nəhayət digər bir səbəb isə insanların banklara bir o qədər də etibar etməmələridir. Yadınızdadırsa, bir neçə illər bundan öncə müəyyən banklar əhalinin onlara olan etibarından sui istifadə edərək onları aldatdılar. Və nəticədə əhalinin böyük bir hissəsinin həmin banklarda pul vəsaitləri batdı. Düşünürəm ki, məhz bu səbəblərə görə ölkə əhalisinin böyük bir hissəsi plastik kartları istifadə etməkdən çəkinir.
Onlar bir dəfə aldandıqları üçün ikinci dəfə yalnış bir səhvə yol vermək istəmirlər. Onların inamını qazanmaq üçün isə müəyyən bir vaxt lazımdır.
Heç olubmu ki, hər hansı bonuslu plastik kart aldıqdan sonra, səyahətdə olarkən bu bonuslardan istifadə edə biləsiniz? Yəni, plastik kartın hesabına hansısa brend mağaza və hotel qiymətində xüsusi endirim qazanasınız?
Ümumiyyətlə desək, bugünədək heç bir zaman bonuslu plastik kartlardan yararlanmamışam. Çünki hər hansı bonuslu plastik kart aldıqdan sonra, səyahətdə olarkən bu bonuslardan istifadə etmə imkanları haqda təkliflər əslində həqiqətə uyğun deyil. Yəni, plastik kartın hesabına hansısa brend mağaza, hotel qiymətində və ya avtomobil kirayəsində xüsusi endirimlərdən yararlanmaq imkanı real deyil. Əslində, həmin otellərin rəsmi saytlarına nəzər yetirsək belə bir endirimin olmadığını da görə bilərik. Şəxsən mən belə bir endirimlərə inanmıram.
Xarici ölkələrdə olarkən adətən hansı plastik kartların istifadəsi sizin üçün problem yaradır? Yoxsa bunun heç bir fərqi yoxdur?
Bəzən belə hallar yaşanıb. Hansı ölkədə belə bir problemin baş verməsi yadımda olmasa da, belə hallar yaşanıb. Belə bir hal baş vermişdi ki, mən ödənişi Mastercard ilə etmək istədiyim halda, Visacard ilə etmək məcburiyyətində qalmışdım. Çünki, ödənişi Mastercard ilə həyata keçirmək mümkün olmurdu. Halbuki, hər iki kartın balansında kifayət qədər məbləğ var idi. Digər bir hadisə isə Brüsseldə baş vermişdi. Oteldə qaldığım günlərə görə ödəniş etmək istədikdə plastik kartla alınmadı. Xoşbəxtlikdən cibimdə nağd pul var idi. Və Mən nağd ödəniş etdikdən sonra dərhal banka müraciət etdim. Və həqitətən də hesabda pul olduğundan əmin oldum. Amma nədənsə plastik kartla ödəniş etmək alınmadı.
Azərbaycana təşrif buyuran turistə plastik kartlarla bağlı nə tövsiyyə edərdiniz ki, o burada problemlər yaşamasın?
Azərbaycana təşrif buyuran turistlər plastik kartlarla bağlı bir sıra problemlər yaşaya bilməzlər. Çünki demək olar ki, hər yerdə artıq bankomatlar mövcuddur. Ancaq təəssüflər olsun ki, bütün restoranlar və ya digər məkanlarda turistlər plastik kartlardan istifadə edə bilmirlər. Bəzi məkanlarda bu sadəcə mümkün deyil, bəzilərində isə sadəcə olaraq məkan sahibləri ödənişin yalnız nağd yolla verilməsini tələb edirlər. Çünki məhz bu yolla onlar vergi ödəmələrindən yayınırlar.
Ancaq ölkə regionlarında kifayət qədər bankomat olsa da, regionlarda yerləşən bəzi restoran və istirahət məkanlarında qeyri nağd ödənişlərin həyata keçirilməsi hər zaman mümkün olmur. İnanıram ki, yaxın gələcəkdə belə bir problemlər yaşanmayacaq.
Belə bəzi problemlərin olmasına baxmayaraq, Azərbaycana təşrif buyuran turistlərə tövsiyyə edərdim ki, ödənişləri yalnız plastik kartlarla həyata keçirsinlər. Çünki adətən əcnəbiləri aldatmağa çalışırlar. Yəni, demək olar ki, bütün ölkələrdə turistlər qazanc mənbəyi kimi qiymətləndirilir. Məsələn, taksi sürücüləri və ya restoran sahibləri əcnəbilərə daha yüksək qiymətlər təklif edirlər. Bu isə dünya ölkələrində normal bir haldır.
Səyahətlərimin birində İtaliyada səfərdə idim. Həmin ölkədə mən avtomobillə səyahət edirdim. Məhz buna görə də əvvəlcədən heç bir otel sifariş etməmişdim. Adətən gecələr yaxınlıqdakı oteldə qalırdım. Həmin gecə də yol kənarında olan bir oteldə qaldım. Və orada ödənişi plastik kartla həyata keçirmək istədikdə həmin otelin sahibi mənə nağd ödəmə ilə qeyri nağd ödənişin arasında olan fərq barədə məlumat verdi. Məlum oldu ki, plastik kartla ödəniş etdikdə nisbətən böyük məbləğ ödəmək məcburiyyətində olacam. Yəni, əmin olun ki, vergidən yayınma halları bütün ölkələrdə geniş yayılıb. Və ən nəhayət bütün turistlərə məsləhət edərdim ki, səyahət edərkən bələdçi qismində həmin ölkədə yaşayan dostlarının köməyindən yararlansınlar. Soruşa bilərsiniz ki, niyə mən Londonu çox sevdim? Çünki Londonu mənə orada yaşayan ingilis dostlarım çox yüksək səviyyədə təqdim etdi. Mən orada elə bir muzeylərdə, parklarda və qeyri adi bir gözəlliyi ilə seçilən yerlərdə oldum ki, əminəm həmin yerləri bir çox turistlər ziyarət etməyib. Bələdçilər adətən şablon turist marşrutları ilə turistləri gəzdirirlər. Turistlərə ən böyük tövsiyyələrdən biri də budur ki, səyahətə gedərkən cibləri dolu olsun. Pulları nə qədər çox olsa, o qədər də gözəl istirahət etmək şansı qazanacaqlar. Və ən nəhayət səyahətə getməzdən öncə həmin ölkə barədə kifayət qədər məlumat toplasınlar.
Sonda isə Azər bəyə, xüsusi olaraq Banker.az saytına müsahibə verdiyi üçün Təşəkkür edirik.