Bu yaxınlarda Rusiya bir daha elan edib ki, dolların hökmranlığına qarşı mübarizə aparacaq. Rusların bu cür qətiyyətliliyi əksəriyyəti təəccübləndirib. Moskva KİV-lərinin məlumatına görə, 2019-cu ildə Qərb ölkələri Rusiya neft və qazının alışı zamanı dollar əvəzinə avro və ya digər valyuta ilə hesablaşmalıdırlar.
Bundan başqa Rusiya tərəfi cərimələr barəsindəki bəndə əlavə edib ki, sanksiyalardan gələn bütün ziyan alıcının üzərinə qoyulur. Belə ki, bu Amerikan sanksiyaları ilə bağlı potensial risklərdən yan keçməyə imkan verəcək.
Bəzi mütəxəssislər bəyan edirlər ki, hakim vəziyyəti ilə dollar bu zərbələri öz üzərinə götürəcək. Rusiya özgənin çaldığı rəqsi oynamayacaq və əgər Vaşinqton represiya siyasətini aparacaqsa, onda Moskva cavab tədbirləri görəcək. Gələcəkdə dolların neft və qazla ticarətinin mühümlüyünün əhəmiyyəti azalacaq və nəhayət, neft-dollar mütləq uğursuzluğa düçar olacaq, zəifləyəcək və yox olacaq. Bu qorxutmaq deyil – həyatda hər şey ola bilər.
Bundan başqa, biz bilirik ki, Rusiya Qərb ölkələrinin əsas neft və qaz tədarükçüsüdür və həmin ölkələrdə başlıca olaraq avrodan istifadə edilir. Hesablaşmalarda dollar yerinə avrodan istifadə olunması və birbaşa məzənnə dəyişilməsinin aparılması alıcı və satıcının ziyanlarını azalda bilər. Elə məhz bu məsələdə Rusiya və avrozona dövlətlərinin maraqları üst-üstə düşür.
Rusiya neft və qaz ticarətində dollar əvəzinə avrodan istifadə etməklə dollarsızlaşdırma yolunda daha iki addım atıb: bir tərəfdən öz qızıl-valyuta ehtiyatındakı qızılın payını artırıb. Son 10 ildə Rusiyanın qızıl ehtiyatı durmadan artır və 500 tondan 2 min tona qədər yüksəlib. Keçən ilin fevral ayında Rusiya Federasiyası qızıl ehtiyatının həcminə görə Çini ötüb keçərək ABŞ, Almaniya, İtaliya və Fransadan sonra beşinci yerdə durur. Digər tərəfdən isə qızıl ehtiyatının daimi artışı rublun məzənnəsinin möhkəmlənməsinə gətirib çıxarır. Sanksiyalar şəraitində Rusiya valyutasının məzənnəsinin düşməsinə baxmayaraq, qızıl ehtiyatı sayəsində rubl nisbətən dayanıqlılıq nümayiş etdirib və o, növbəti çöküş yaşamayıb.
Başqa yandan Rusiya aktiv şəkildə Amerikan istiqrazlarını satmaqla dollarsızlaşmanı reallaşdırır. 2018-ci ilin martından mayına kimi Rusiya Federasiyası əlindəki Amerikan qiymətli kağızlarının 84%-ni satıb, bu isə digər ölkələrin müvafiq göstəricilərindən müqayisəyə gəlməz dərəcədə çoxdur. May ayında Rusiya ABŞ istiqrazlarını ən çox saxlayan 33 ölkə siyahısından çıxıb.
Rusiyanın dollarsızlaşdırma aparmağına baxmayaraq, Rusiya məmurları bu barədə danışmağı sevmirlər, hərçənd dollar sistemi zəifləyib, amma qısa müddət ərzində dollar erasının bitməsi mümkün deyil. Faktiki baxımdan avro dolları əvəzləyə bilər, lakin Avropanın borc böhranına görə indi yalnız yuana ümid bəsləmək olar. Çin valyutası beynəlmiləlçilik yoluna bu yaxınlarda qədəm qoyub və onun dolları əvəzləməsi üçün xeyli vaxt tələb olunur.
İndi belə bir sual qoyulur: nəyə görə Rusiya dollar erasını bitirə bilməz?
Birincisi, dünyada dollarsızlaşmanı istəyən ölkələr var, lakin onların hamısı dollar sanksiyaları altındadırlar. Rusiyadan başqa İran, Türkiyə, Venesuela var və bu dövlətlərin iqtisadiyyatı monoiqtisadi quruluşludur. Onlar tərəfindən başladılmış dollarsızlaşdırma ABŞ-ın iqtisadi sanksiyalarına qarşı cavab addımıdır. Həmin ölkələrin iqtisadi gücündən istifadə etməklə dolların hökmranlığını laxlatmağa çalışmaq, sadəcə gülüncdür.
İkincisi, Rusiya avronu yalnız Qərb ölkələri ilə neft-qaz ticarətində hesablaşma valyutası kimi isifadə edə bilər. Ancaq əgər Rusiya dollardan istifadə etməzsə, onda bu ölkə ən azından indiki məqamda xaricdən heç nə ala bilməz. Qızıldan başqa beynəlxalq hesablaşma sistemində aparıcı valyuta kimi dollar qalır.
Üçüncüsü, baxmayaraq ki, Amerikan istiqrazlarının satışı və qızıl alışı dolarsızlaşdırma ilə əlqədardır, amma digər tərəfdən bu həm də məcburi addımdır. Belə ki, 2009-cu ildə ABŞ pul kütləsinin artırılması yoluyla monetar siyasət həyata keçirdi və dollar devalvasiya olunmağa başladı. Rusiya satdığı enerji resursları hesabına əldə etdiyi dolların alıcılıq qabiliyyətinin necə aşağı düşməsinə sakit baxa bilmirdi. Elə məhz buna görə də, dəyərdən düşmüş dollardan qaçmaqdan ötrü, ABŞ istiqrazlarını satmaq və dolları qızıl və digər valyutalarla əvəzləmək qərarına gəlib.
Biz yuxarıda göstərilən bəzi tezislərdən belə nəticə çıxara bilərik ki, Rusiyanın dollarsızlaşdırma əməliyyatı iqtisadi və maliyyə sektorunda heç də ABŞ-la mübarizə aparmaqla bağlı deyil, çünki rubl dollara qarşı heç cür duruş gətirə bilməz. Rusiya özünü yalnız müdafiə edə bilər. Dünya səviyyəsində dollarsızlaşdırmanın elan edilməsi də zəif ehtimaldır. Həm də dollar sisteminin iqtisadi cəhətdən Rusiya kimi zəif ölkə tərəfindən ciddi təzyiqə məruz qoyulacağı çətin məsələdir.
Dolların statusu yaxın zamanda dəyişilməyəcək, gələcəkdə beynəlxalq valyuta sistemində onunla bərabər səviyyədə mübarizə aparacaq valyuta yalnız yuan ola bilər.
©“Sohu”- Çin
Tərcümə, Azpolitika