11 C
Baku
Tuesday, November 26, 2024

Dividendin tərifinə edilmiş yeni əlavələr – İZAHLA

Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dividend anlayışı yeni redaksiyada verilib.

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə görə, dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Banker.az “Vergilər”-ə istinadla İqtisadçı ekspert Rəşad Əliyevin fikirlərini təqdim edir.

Ekspert qeyd edib ki, “dividend” anlayışının Vergi Məcəlləsində verilmiş yeni redaksiyası bu anlayışın əhatə dairəsini genişləndirir: “Əvvəllər “dividend” ancaq hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş hesab olunurdu. Anlayışın tərifinə edilmiş yeni əlavələrə əsasən, bundan sonra hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın bölüşdürülməsi nəticəsində əldə olunan ödəniş (və ya digər formada əldə edilmə) və səhmlərin (payların) xalis mənfəət hesabına artırılan hissəsi vergiqoyma məqsədləri üçün dividend hesab ediləcək. Bunların hər birinin üstündə ayrıca dayanmaq lazımdır. Çünki burada edilmiş iki əlavə vergiqoyma prinsiplərində yeni qaydaların tətbiqini nəzərdə tutur.

Hazırda qüvvədə olan qanunla səhmlərin (payların) xalis mənfəət hesabına artırılan hissəsi mahiyyətcə dividend hesab edilir. Çünki bu hallarda nizamnamə kapitalının artırılması faktiki olaraq səhmdarların (və ya payçıların) hesabına, yəni onların dividend şəklində almaq hüququ olan vəsaitdən istifadə etməklə həyata keçirilir. Lakin “dividend” anlayışının Məcəllənin 13.2.15.ci maddəsində verilən əvvəlki redaksiyası bu cür əməliyyatlarda istifadə edilən vəsaitləri dividend kimi müəyyənləşdirə bilmirdi. Bu səbəbdən, həmin vəsaitlər dividend kimi vergiyə cəlb olunmurdu. Yeni əlavədən sonra nizamnamə kapitalının artırılmasına yönəldilən xalis mənfəət dividend kimi vergiyə cəlb ediləcək”.

R.Əliyevin sözlərinə görə, digər əlavə daha maraqlıdır: “Əvvəllər hüquqi şəxs ləğv edilərkən xalis mənfəət hesabına formalaşan əmlakın bölüşdürülməsi nəticəsində əldə olunan ödəniş (və ya digər formada əldə edilmə) dividend hesab edilmirdi. Bundan sonra isə xalis mənfəətin həcmi həddində bölüşdürülən hissə dividend kimi vergiyə cəlb olunacaq”.

MİSAL:

Tutaq ki, “AAA” MMC ləğv edilir və onun 1 təsisçisi var. MMC-nin nizamnamə kapitalı 100 min manat, balans üzrə toplanmış (əvvəlki və cari illər üzrə) xalis mənfəəti 50 min manatdır. Müəssisə ləğv olunanda təsisçiyə 140 min manat qalır. Təsisçinin nizamnamə kapitalına qoyduğu 100 min manat paydan artıq olan 40 min manat sərəncamda qalmış xalis mənfəət (yəni 50 min manat və ondan az) həddində olduğu üçün həmin məbləğ dividend hesab ediləcək.

R.Əliyev onu da vurğulayıb ki, bu dəyişikliklərin bəzi biznes subyektləri üçün heç bir təsiri olmayacaq: “Əslində, yeni dəyişikliklərə əsasən, bir sıra vergi ödəyiciləri dividend ödənişləri üzrə vergi güzəştləri alıblar. Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslər dividend gəlirləri üzrə vergidən azad ediliblər”.

Son xəbərlər
Digər xəbərlər