Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılmış auditin nəticələrinə dair
Hesablama Palatasının Kollegiya iclasında 1 aprel 2016-1 aprel 2018-ci il dövründə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri müzakirə edilib.
Banker.az xəbər verir ki, müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilmiş və fəaliyyət istiqaməti üzrə müvafiq Auditorun hesabatı təsdiqlənib.
Audit 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə ümumilikdə 515030,8 min manat vəsaiti əhatə edib.
Audit nəticəsində normativ hüquqi aktların, eləcə də normativ-metodiki sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bəzi nöqsanlara yol verildiyi, Komitə tərəfindən əvvəlki auditin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin tam görülmədiyi, bəzi nöqsanların və artıqödəmələrin təkrarlandığı müəyyənləşib. Komitə və onun tabeliyində olan qurumların bəzi əməkdaşlarının dövlət qulluğuna qəbul və onlara ödənilən əmək haqqı xərcləri qanunvericiliyin tələbləri nəzərə alınmadan həyata keçirilib, aparat işçilərinin ezamiyyə və nəqliyyat vasitələrinin yanacaq xərclərində artıq ödənişlərə yol verilib.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən 01.01.2017-ci il tarixdən məcburi köçkünlərin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə ödənişlər əvəzinə vahid aylıq müavinət müəyyən edilməsi təsbit edilsə də, müavinət almaq hüququ olmayan şəxslər üzrə də kommunal xidmət haqları ödənilib.
Yemək xərci üçün müavinət alan məcburi köçkünlərin adlı siyahıları ilə əraziləri işğal olunan rayonlar üzrə vəfat etmiş şəxslərin adlı siyahılarının üzləşdirilməsi zamanı müəyyən edilib ki, bir sıra hallarda məcburi köçkünün vəfat etdiyi tarixdən sonra müavinət ödənişləri davam etdirilmiş, nəticədə dövlət büdcəsindən artıq müavinət ödənişinə yol verilib. Həmin vəsait müvafiq qaydada Komitə tərəfindən dövlət büdcəsinə bərpa edilib.
Hesablama Palatası tərəfindən Dövlət Komitəsində həyata keçirilmiş əvvəlki, eləcə də hazırkı nəzarət tədbirləri zamanı müəyyən edilib ki, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməmiş, eyni şəxslərin adları dəfələrlə təkrarlanıb, vəfat edib, hərbi xidmətə çağırılıb. Uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları siyahılardan tam çıxarılmayıb. Qanunvericilikdə tələb olunmasına baxmayaraq adlı siyahıların dəqiqləşdirilməsi müntəzəm olaraq həyata keçirilməyib.
Seçmə qaydada 7 ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməyib, Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.
Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən artıqödəmələrin audit dövründə bərpasının nəzərə alınması və yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinata uyğun xərclənməsinə və kommunal xidmət haqlarının yalnız qanunvericiliklə şamil edilən kontingent üzrə müvafiq normalar həddində ödənilməsinə ciddi nəzarətin təmin edilməsi, məcburi köçkünlərin adlı siyahılarının dəqiqləşdirilməsi, təkrarlanmaların qarşısının alınması, eləcə də dövlət vəsaiti hesabına kommunal xidmət göstərilən kontingentin dəqiq uçotunun aparılması məqsədi ilə vahid informasiya şəbəkəsinin yaradılması, Komitənin strukturuna daxil olan qurumların işçi və texniki ehtiyatları mövcud olduğu halda fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılması hallarının aradan qaldırılması və lüzumsuz xərclərə yol verilməsinin qarşısının alınması, dövlət büdcəsindən ayrılan vəsaitlərin məqsədyönlü və qənaətli istifadə edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Kollegiya qərarının surəti göndərilib.
Qeyd edək ki, həmin dövrdə Komitənin sədri baş nazirin müavini Əli Həsənov olub.