Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
O qeyd edib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq:
“Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq”.
Dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib.