2013-cü ilin yekunlarına görə, cari əməliyyat hesablarının profisiti 12,3 milyard dollar təşkil edib. Bu rəqəm 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,22 faiz azalıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı tədiyyə balansında deyilir.
O cümlədən, həmin dövrdə neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti 22,1 milyard dollar olub.
Neft-qaz sektorunun cari əməliyyat hesablarının profisiti qeyri-neft sektorunun cari əməliyyat hesablarının 9,8 milyard dollar həcmində kəsirini tam ödəyir.
Tədiyyə balansının ümumi profisiti 20,48 faiz azalaraq 3,84 milyard dollar olub.
Sektorlar üzrə tədiyyə balansının təhlili göstərdi ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də neft-qaz sektorunda xarici iqtisadi əməliyyatlar müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub.
2013-cü ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 42,9 milyard manat, xarici ticarət balansının müsbət saldosu isə 20,6 milyard dollar təşkil edib.
Bu dövrdə 152 ölkə ilə ticarət münasibətləri qurulub. Ticarət dövriyyəsinin 9,9 faizi MDB ölkələrinin, 90,1 faizi isə digər xarici ölkələrin payına düşüb. İtaliya, Böyük Britaniya, Türkiyə, İndoneziya, ABŞ, Rusiya, Almaniya, Tailand, Yaponiya, Fransa ilə intensiv ticarət aparılıb. Azərbaycanın ixrac-idxal əməliyyatlarının 68,9 faizi bu ölkələrin payına düşür.
Trend