Pərakəndə bankçılıq sahəsində ən son innovasiyaların tətbiqi üzrə lider banklar haqqında ən yaxşı məlumat təbii ki, bu sahədə beynəlxalq səviyyədə qəbul edilmiş mükafatların qalıbləri siyahısı olacaq. Bu məqələdə EFMA (European Financial Management & Marketing Association) və Accenture kimi tanınmış qurumlar tərəfindən təsis olunmuş, yaxşıların yaxşısı adlandırıla biləcək mükafatları əldə etmiş pərakəndə bankçılıq innovasiyaları haqqında bəhs edəcəyik.
“Efma–Accenture Banking Innovation awards” proqramı global səviyyədə pərakəndə bankçılıq üzrə ən yaxşı sayıla biləcək innovasiya layihələri tətbiq edən bankların müəyyən olunması və mükafatlandırılması sahəsində yetərincə tanınmış bir layihədir. Hazırda EFMA dünyanın 130 ölkəsindən 3300-dən çox maliyyə institutunu özündə birləşdirən bir assosasiyadır. Bu proqram artıq 6 ildən çoxdur ki, pərakəndə bankçılıq və marketinq arenasında ən yaxşı innovasiyaları tətbiq edən maliyyə institutlarının təcrübəsini bölüşür.
İnnovasiyalar üzrə mükafatlar ümumilikdə 10 kateqoriyaya bölünür və “Global Innovator of the Year” adlı kateqoriya üçün 2 əsas mükafatçı müəyyən edir.
Sonuncu mükafatlandırma müsabiqəsi üçün dünyanın 59 ölkəsindən 467 müxtəlif innovativ layihələr təqdim edilmişdi. Qaliblər əvvəlcədən müəyyən olunmuş münsiflər və EFMA üzvləri tərəfindən səsvermə yolu ilə müəyyən olunur. Layihələrin dəyərləndirilməsi orijinallıq, uzunmüddətli rəqabət üstünlüyü və investisiyaların gəlirliliyini təmin edəcək strateji potensial və digər ölkələrdə və bazarlarda tətbiqə uyğunluğu kriteriyaları əsasında aparılmışdır.
Best New Product or Service
DenizBank (Türkiyə) “Augmented Agricultural Banking” mobil əlavə layihəsinə görə Best New Product or Service kateqoriyası üzrə mükafat qazandı. Kənd təsərrüfatı bankçılığı əlavəsi ənənəvi bankçılıq çərçivəsindən kənara çıxaraq həm müştəri dəstəyi baxımdan, həm də bankın canlı ekosistemin mərkəzində olması baxımından böyük potensiala sahib bir innovasiya kimi təqdim olunmüşdur. Mobil əlavə müştərini kənd təsərrüfatı ilə bağlı əhəmiyyətli məlumatlarla (əkinçilik, suvarma, becərmə və s) təmin etməklə bərabər, hətta bu sahəyə aid texnika və avadanlıq alınması üçün də imkan yaradan yeni platforma təklif edir. Qeyri-bank imkanları adlandıra biləcəyimiz bu təkliflər yerli ekspertlərlə birgə tərəfdaşlıq əsasında yaradılmışdır. Eyni zamanda, həmin ekspertlər müştəriləri telefon zəngi vasitəsilə də bütün zəruri kömək və konsultasiya ilə də təmin edir.
Bu innovativ əlavənin əsas üstünlüyü bu sahədə təcrübəni rəqəmsal platformada bölüşmək və həm bank üçün, həm də fermerlər üçün vaxta qənaət etmək imkanları yaratmaqdır.
Phygital Distribution
İdea Bank (Polşa) təkərlər üzərində olan ilk bank filialı-“Idea Hub Express” layihəsi ilə Phygital Distribution kateqoriyası üzrə mükafatın qalibi. Layihənin məqsədi tez-tez biznes səyahətləri edən müştərilər üçün bankın xidmətlərindən daha rahat istifadəni təmin etməkdir. Xüsusilə kiçik və orta sahibkarlar müştərilərə hədəflənmiş strategiya tətbiq edən İdea Bank bununla da səfər edən müştərilərə yolda istifadə etdikləri zamanı daha faydalı keçirməyi təklif edir. Müştərilər eyni zamanda lazım olan ofis avadanlıqlarından (printer, skaner), Wifi, kofedən istifadə edə bilər və hətta gündəlik qəzetləri oxuya bilərlər. 2015-ci ilin əvvələrindən tətbiq olunan bu layihə bankın kiçik və orta sahibkarlığın dəstəklənməsi strategiyasının tərkib hissəsi kimi təqdim olundu və çox qısa müddətdə böyük müştəri kontingentinə xidmət göstərdi. Təsəvvür edin, biznes səfərlərinə gedirsiz və bankınız sizinlə birlikdə səyahət edir.
Digital Marketing
DBS Bank (Sinqapur) müştərilərin real həyat hekayələri əsasında hazırlanmış “DBS Sparksmini” layihəsinə görə Digital Marketing nominasiyası üzrə qalıb gəlmişdir. DBS Sparks müştərilərin etibarını və xoş təəssüratlarını qazanmaq üçün ənənəvi reklamların əvəzində rəqəmsal marketinq kontenti təqdim edir. Layihənin əsas məqsədi isə bu sahədə rəqiblərdən fərqlənmək, DBS Bank dəyərlərini müştərilərə fərqli formatda çatdırmaq idi. Müştərilərin və əməkdaşların real heykayələrinə əsaslanmış bu layihənin ən böyük üstünlüyü onun orijinallığı idi. Təbii ki, heç bir reklam formatında bu reallıq və orijinallığı əldə etmək mümkün deyil. DBS Bank qısa (30-60 saniyyəlik) tv reklamlarından əlavə, hazırlanmış rolikləri tam həcmdə YouTube platformasında da yerləşdirmişdi və bu da süjeti müştərilərə daha dərindən çatdırmaq üçün daha effektiv nəticə vermişdir. Nəticə isə təbii ki, gözləntilərin də üzərində idi-100 milyondan artıq baxış sayı və DBS Bankın olduğu bazarlarda (Sinqapur, Honkonq, Tayvan, İndoneziya və Çin) 11 milyondan artıq rəqəmsal layihə. Nəticələrin təhlili göstərdi ki, bu layihə inişaf etməkdə olan bazarlarda (Çin, İndoneziya və Tayvan) daha yaxşı nəticələr verir.
Big Data, Analytics and AI
Sberbank (Rusiya) süni intellekt bazasında, “Sberbank online” daxilində hazırlanmış “Məsləhətlər” layihəsinə görə Big Data, Analytics & AI nominasiyası üzrə qalib gəlmişdir. Layihənin əsas məqsədi istifadəçilərin maliyyə davranışlarını yaxşıya doğru dəyişmək, vaxt, əmək sərfiyyatını azaltmaq və vəsaitlərə daha çox qənaət etmək imkanı yaratmaqdır. Belə ki, “məsləhətlər” kimi müştərilərə real təhlillər əsasında hazırlanmış proqnozlar təqdim olunur. Təklif olunan məsləhətlər Siri və Mint kimi rəqəmsal platformalarda istifadə etmək üçün nəzərdə tutulur və oxşar layihələrdən fərqli olaraq başqalarının məsləhət və rəylərindən də faydalanmağı nəzərdə tutur. Proqram digər müştərilərin də rəylərini bir yerdə toplayaraq ondan faydalanmaq imkanı verir. Eyni zamanda hər hansı bir mövzu haqqında olan rəylər müştəriyə maraqlı deyilsə proqram oxşar rəyləri artıq həmin istifadəçiyə təklif etmir. Bununla da istifadəçi aktivliyindən asılı olaraq proqram daha da inkişaf edir və tamamilə istifadəçinin istəklərinə uyğunlaşır. Nəticədə layihənin müəyyən bir abstrakt səviyyəyə qədər inkişaf etməsi və istifadəçini bank əməkdaşına müraciət etmədən zəruri məsləhətlərlə təmin etməsi nəzərdə tutulur.
Customer Experience and Engagement
KBC Bank (Belçika) “My Car” layihəsinə görə Customer Experience & Engagement nominasiyası üzrə mükafat qazanmışdır. “My Car” blokçeyn texnologiyasından istifadə etməklə hazırlanmışdır və avtokreditlərlə bağlı kredit müraciətindən başlamış, avtomobilin müştəriyə təhvil verilməsinə qədər bütün prosesləri əhatə edən və faydalı təcrübəni bölüşmə imkanı verən bir layihədir. Layihə avtokreditlə bərabər, sığorta, qeydiyyat nışanının alınması və hətta avtomobillə bağlı texniki problemləri də əhatə edən təcrübə bölgüsünü nəzərdə tutur.
“My Car” proqramı blokçeyn texnologiyası əsasında hazırlandığına görə avtokredit ödənişlərinin problemsiz və saxtakarlıq riski olmadan ödənilməsinə imkan verir. Layihə sahiblərinə görə proqramın bütün istifadəçilər-müştəri, avtodiler, distribyutor, sığortaçı bank və dövlət üçün faydalı olacağı nəzərdə tutulur. Çünki proqramın yaradılması ilə avtokreditlərin verilməsi prosesi avtomatlaşdırılmışdı və yuxarıda adıçəkilən istifadəçilər artıq prosesin yalnız müştəri tərəfindən icra olunmasını gözləmirdi.
New Business Ecosystem
mBank (Polşa) tərəfindən təqdim olunmuş “mPower Business Starter” layihəsi New Business Ecosystems mükafatı qazanmışdır. “mPower Business Starter” layihəsinin əsas məqsədi dövlət, bank və mühasibatlıq xidmətlərini inteqrasiya edərək yeni biznes sahibləri üçün rahat və intuitiv xidmət yaratmaq və bununla da yeni biznes yaradılması prosesini 10 gündən 10 dəqiqəyə qədər azaltmaq olmuşdur.
Yeni biznesin yaradılması doğurdan da bu sahədə hələki təcrübəsiz olan sahibkar üçün hüquq, bank, maliyyə sahəsində yetərincə ciddi problemlərin həllini tələb edir. Layihə müəlliflərinin araşdırma nəticələrinə görə sahibkar ən azı 5 dəfə banka gəlməli, 200-dən çox sahəsi olan kağız sənədləri doldurmalıdır. Bu kağız işlərini azaltmaq və 200 əvəzinə cəmi 6 sahə üzrə məlumatları doldurmaqla bu prosesi yekunlaşdırmaq məqsədilə yaradılmış proqram hədəflərinə demək olar ki, tamamilə nail oldu. Proqram sayəsində sahibkar dövlət tərəfindən təqdim olunmuş elektron imza imkanlarından istifadə etməklə bank hesabının açılmasından başlayaraq digər maliyyə-mühasibatlıq xidmətləridən istifadə edə bilər. Layihə Polşa dövləti ilə birgə yaradılmışdır və dövlətin təqdim etdiyi elektron hökumət layihəsinin maliyyə-bank sisteminə inteqrasiyasını nəzərdə tutur.
Workforce Empowerment and Behavior
Bu nominasiya üzrə mükafat Intesa Sanpaolo (Italiya) bankına elektron tədris portalı və mobil əlavəsinə görə təqdim olundu. Elektron tədris portalının məqsədi tədrisin yeni metodikasının tətbiq olunması yolu ilə bank əməkdaşlarına vaxt və yer məhdudiyyəti olmadan istədikləri zaman öyrənmək imkanı yaratmaqdır. Layihə Netflix əsasında hazırlanmışdır və bankın 5000-dən çox filialı üzrə 100.000-ə yaxın əmakdaşlarını əhatə edir. Əməkdaş heç bir məhdudiyyət və məcburilik olmadan istədiyi elektron qurğu vasitəsilə tədris portalında özünə uyğun proqramları seçmək, planlaşdırmaq və imtahan formasını seçmək sərbəstliyinə sahibdir. Layihənin əsas unikallığı isə tədris portalının ilk dəfə bankdaxili hazırlanması və bu işə dünyanın aparıcı universitetlərindən təcrübəli mütəxəssislərin cəlb olunmasıdır.
Wallets and Payments
Barclaycard (Böyük Britaniya) Wallets & Payments kateqoriyası üzrə mükafata “Grab+Go” layihəsinə görə layiq görüldü. “Grab+Go” proqramı sayəsində müştərinin smartfonu “elektron cüzdan”a çevirlir. Belə ki, müştəri mağazada almaq istədiyi əşyaları mobil telefon vasitəsilə scan edərək ödənişləri onlayn formada apara bilir. Təbii ki, müvafiq kart məlumatları əvvəlcədən proqrama daxil olunur. Bununla da müştəri kassa növbəsində dayanmaq problemindən azad olur və obrazlı şəkildə desək ödənişlər gözəgörünməz şəkildə aparılır.
İlin qlobal innovatoru: Challenger Bank
N26 (Almaniya) il ərzində təklif etdiyi innovativ layihələrinə görə bu nominasiya üzrə mükafata sahib olmuşdur. Bankın təklif etdiyi yeniliklər arasında “N26 Business” layihəsi xüsusilə fərqlənir. Belə ki, layihə sayəsində sərbəst çalışan (freelancer) müştrərilər öz bizneslərini və şəxsi maliyyəsini bank hesabına inteqrasiya edərək Clark tərəfindən təqdim olunan elektron sığorta xidmətlərindən istifadə edə bilər. Bununla da rəqəmsal bankçılıqdan istifadə edən müştərilərə yeni imkanlar təklif olunmaqla bərabər, bu sahədə yeni müştərilərin də cəlb olunmasına böyük imkanlar yaradılmışdır. Layihə müəlliflərinin dediyi kimi, mövcud infrastuktura mobil interfeys təklif edən ənənəvi bankçılıqdan fərqli olaraq, “N26 Business” hər məhsulu mobil uyğulamaya qədər inkişaf etdirə bilir. Bu layihə nəticəsində bank nəyinki satış həcmi və bazar payını artırdı, eyni zamanda Amerika bazarına da çıxmağı bacardı.
İlin qlobal innovatoru: Traditional Bank
BBVA (İspaniya) təklif etdiyi BBVA API Market platformasına görə ilin qlobal innovator bankı mükafatını qazanmışdır. Bu platforma sayəsində müxtəlif ölçülü şirkətlər təhlükəsiz və etibarlı maliyyə alətlərindən istifadə imkanı əldə edə bilər. Bu platforma ödənişləri təhlil etmək, identifikasiya aparmaq imkanı ilə istifadəçini istədiyi formatda analitik məlumatlarla təmin edə bilir.
Göründüyü kimi müasir texnologiyalar banklara sərhədsiz imkanlar açır. Artıq müştərisi olduğunuz bankın məhsullarından istifadə rahatlığı həmin bankın fiziki olaraq harada yerləşməsindən daha önəmlidir. Süni intelekt texnologiyasına əsaslanan rəqəmsal xidmətlər ən yaxşı təcrübədən faydalanmaq imkanı yaratmaqla bərabər tam təhlükəsizliyi də təmin edir. Bir sözlə, yaxşı ideyanız varsa satış bazarı sərhəddiniz yoxdur.
MÜƏLLİF
İlqar Hüseynov
Digər yazıları