Eyni zamanda, ABŞ-ın keçmiş dövlət katibi öz mövqeyini müdafiə etməyi davam etdirəcək.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2020-ci il prezident seçkilərində iştirak etməyəcək. Banker.az bildirir ki, bu haqda ‘News 12’ kanalı xəbər verir.
“Mən öz namizədliyimi irəli sürmürəm, lakin işimi davam etdirərək danışacağam və mövqeyimi müdafiə edəcəyəm”, – Klinton deyib.
Daha əvvəl, 2019-cu ilin yanvarında Klinton 2020-ci il prezident seçkilərində iştirak edə biləcəyini qeyd etmişdir.
Xatırladaq ki, 2016-cı ildə Hillari Klinton ABŞ-ın prezidenti postu üçün mübarizə aparıb, lakin Respublikaçı Partiyanın nümayəndəsi Donald Trump qalib gəlmişdir. Klinton öz məğlubiyyətini “Rusiyanın müdaxiləsi” və Demokrat Partiyasının nümayəndəsi olan ABŞ-ın 44-cü prezidenti Barak Obamanın qeyri-populyar siyasəti ilə izah edir.
Bu yaxınlarda ABŞ prezidenti Donald Trump, tərəfdarlarına 2020-ci ildəki seçki qələbəsinin 2016-cı ildəkindən daha inandırıcı olacağını söyləyib. Əvvəllər Ağ Evin rəhbəri qarşıdakı seçkilərdə özünə layiqli rəqibləri görmədiyini söyləmişdir.