9 C
Baku
Friday, November 1, 2024

Fiziki şəxslərin problemli kreditləri üzrə güzəştlərə: Sual-Cavab

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə fərman imzalayıb.
 
Kalkulyator üçün link: https://pk.fimsa.az/az/calculator

Devalvasiyadan əvvəl xarici valyutada kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcəkmi?

Bəli, bu kimi borcalanlara 2012-ci ildən tez olmayaraq götürdükləri və məbləği 10 min dollaradək olan kreditlər üzrə kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci il fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək.


Güzəştlər manatla götürülən kreditlərə də aiddirmi?

Güzəştlər həm xarici valyutada, həm də manatla götürülən kreditlərə aiddir. Belə ki, 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi tarixə, yəni 28.02.2019-cu ilədək 17 min manatadək kredit götürmüş və ödənişi 360 gündən artıq gecikdirilmiş kreditini bağlamayan vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər.


Bank olmayan kredit təşkilatlarından kredit götürən vətəndaşlarımıza kompensasiya veriləcəkmi?

Bəli. Banklardan və bank olmayan kredit təşkilatlarından (kredit ittifaqları istisna olmaqla) kredit alan vətəndaşlarımız Fərmanda göstərilən müddətlər və məbləğlər nəzərə alınmaqla bu güzəştlərdən faydalana biləcəklər.


Ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və kompensasiya məbləği nə zamanadək bəlli olacaq?

Fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği kredit təşkilatı tərəfindən Fərman qüvvəyə mindiyi gündən, yəni 2019-cu il 28 fevral tarixindən 45 gün müddətində Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim ediləcək və dəqiqləşdiriləcək. Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq.


Dollar kreditinə ediləcək güzəşti necə hesablamalı?

Kredit müqaviləsi 2015-ci il fevralın 21-nə kimi xarici valyutada bağlanıbsa, 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) qiymətləndirmə olacaq. Yəni 1 dollar borcunuz varsa, onun 0,15 dollarına dövlət dəstək verəcək.

Kredit müqaviləniz 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanıbsa 1 ABŞ dollarlıq borcunuzun 0,6 manatına (0,35 ABŞ dolları) dövlət dəstəyi olacaq.

Konkret məbləği müəyyən etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı şərti kalkulyatordan istifadə edə bilərsiniz (https://pk.fimsa.az/az/calculator).


Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi nə vaxt müəyyənləşdiriləcək?

Bu mexanizm Fərman qüvvəyə mindiyi gündən, yəni 2019-cu il 28 fevral tarixindən on beş gün müddətində müəyyən edilməlidir.


Fiziki şəxsin bir neçə kredit təşkilatına vaxtı keçmiş kredit borcları var, bu necə həll olunacaq?

Əgər şəxsin 2012-ci ilin yanvarın 1-dən 2019-cu il fevralın 28-nə qədər xarici valyutada bağladığı kredit müqavilələri üzrə bir və ya bir neçə kredit təşkilatına əsas kredit borclarının cəmi məbləği 10 000 dollardan və yaxud 17 000 manatdan artıq deyilsə və həmin kreditlər üzrə ödənişlər 360 gündən çox gecikdirilmişdirsə həmin şəxsə güzəştli kredit veriləcək.


Kimlər güzəştli kredit ala biləcək?

2012-ci ilin yanvarin 1-dən 2019-cu il fevralın 28-nə qədər xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikməsi olan şəxslər.


Vətəndaşlara kompensasiya üçün kart hesabı açılacaqmı?

Əgər kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş üçün kart hesabı açılacaq və vəsait həmin hesablara yönəldiləcək.


Vətəndaşlar restrukturizasiya edilmiş kredit borclarını hansı vaxtdan ödəməlidirlər?

Restrukturizasiya edilmiş kredit borclarının ödənilməsinə 1 il güzəşt müddəti müəyyən edilmişdir, yəni bir ildən sonra borcun 4 il ərzində tam qaytarılması nəzərdə tutulur. Bu zaman faiz dərəcəsi illik 1 faiz təşkil edəcək.


Ödənilməsi barədə məhkəmə qərarları qəbul edilmiş borclar üzrə güzəşt tətbiq ediləcəkmi?

Bəli. Fərmana əsasən həm məhkəmədə olan iddialardan imtina edilməsi, həm də artıq qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş işlərə xitam verilməsi nəzərdə tutulur.


Vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlər və dəbbə pulu (cərimə, peniya) ödənilməlidirmi?

Vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, onlara hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi banklara tövsiyə olunmuşdur


Dollardan başqa xarici valyutada götürülən kreditlərə güzəşt şamil olunacaqmı?

Bəli. Məbləği 10000 (on min) ABŞ dollarınadək bütün xarici valyutada olan kreditlərə güzəşt şamil ediləcəkdir.


Güzəştlərdən yararlanmaq istəyən fiziki şəxslər hara müraciət etməlidirlər?

Ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyənləşdirildikdən sonra əldə olunan məlumatlar fərdi qaydada vətəndaşlara çatdırılacaq. Bundan sonra borclular banklara dəvət olunacaq.

Son xəbərlər
Digər xəbərlər