“SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanmışdır.
Banker.az SOCAR-a istanədən bildirir ki, SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur. Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsvecrədə rolunu artırır və yanacaqdoldurma xidmətinə əlavə sərmayə yatırır.
FEDRO özəl investorları hər biri 20 istirahət yerini özündə ehtiva edən 5 zərflə bağlı tenderə dəvət etmişdir. “SOCAR Energy Switzerland” əvvəlcədən tender zərflərindən birinə iddiasını bildirmişdir.
“SOCAR Energy Switzerland” şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanmış, nəticədə SOCAR xeyli iddiaçısı olan beş tender zərfindən birinin qalibi olaraq, istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanmışdır. Fərdi zərflərə daxil edilmiş məntəqələr bütün İsveçrə boyunca yerləşir.
“SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmann FEDRO ilə yeni sazişin imzalanmasından məmnundur: “Avtomobil yollarındakı istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənən şəbəkə elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqda qərarlı olduğumuzu ilk mərhələdən bildirmiş, qətiyyət göstərmişik. Biz hərəkəti dəstəkləyən bütün yeni və gələcəyə yönəlmiş texnologiyalara açığıq. Biz özümüzü hərəkətin tənzimləyicisi kimi görür və bu perspektivə əsaslanan mövcud infrastruktur və xidmətlərimizi inkişaf etdiririk.”
Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq. Yeni məntəqələrin 2019-2023-cü illərdə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.