Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, qərar bu gün, yəni, 15 mart 2019-cu ildən qüvvəyə minir.
İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapozonunun aşağısında qərarlaşmışdır.
Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas prioriteti iqtisadi aktivliyin yüksəlməsi şəraitində inflyasiyanın hədəf çərçivəsində formalaşmasını təmin etməkdən ibarətdir. 2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənilir.