Bir insana vəzifə verilməsi üçün onun yaşı deyil, təcrübə və savadı çox olmalıdır. İşinlə professional şəkildə məşğul olursansa, mütləq bu, bir gün qiymətləndirilir. Əgər sənin, həqiqətən də, bacarığın varsa, sən Azərbaycan kimi bir ölkədə mütləq iş tapacaqsan. Elə bir insan ola bilməz ki, işini yaxşı bacarsın, lakin bu mənada, qiymətləndirilməsin.
Mən, Tural Feyzullayev, 1990-cı il 18 Oktyabr Ağcəbədi rayonunun Sarıcalı kəndində anadan olmuşam. Uşaqlığım həmin kənddə keçib. Sonralar kənd şəraitinin o qədər də yaxşı olmadığını görən ailəm belə qərara gəldi ki, məktəbi bitirməyimə bir neçə il qalmış Bakıya köçək və mən təhsilimi burda davam etdirim. Buna görə də, yüksək balla universitetə qəbul olmaq məqsədilə, məktəb dövrümün son 3 ilini Bakıda yaşayıb, universitetə burada hazırlaşmalı oldum. Orta təhsilimi başa vurduqdan sonra, arzuladığım yüksək balla – 665 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasına qəbul oldum. Həmin universitetin bakalavr dərəcəsini bitirdikdən sonra magistr təhsili almaq üçün Fransaya yollandım və bununla əlaqədar olaraq, 2012-2014-cü illər boyunca Fransada yaşadım. Yenidən vətənimə qayıdandan sonra, ümumi bazar şəraitini bir qədər zəif bildiyim üçün, işə dair də qərar verməkdə çətinlik yaşayırdım. Buna görə də, həm iş təcrübəsi, həm də pul qazanmaq üçün Bakı 2015 Avropa Oyunlarında təqribən bir il işlədim. Sonralar dostumun məsləhəti ilə Mərkəzi Bankın elan etdiyi iş vakansiyasının qeydiyyatından keçdim. Baxmayaraq ki, mən Mərkəzi Bankın bu işə dair müsahibəsində bir qədər də təcrübəli namizəd deyildim, yenə də bu müsahibədən uğurla keçə bildim. Müsahibə götürən şəxs, mənim bu iş vakansiyasına qəbul edilməyim üçün ən azı 2 il iş təcrübəmin mütləq olduğunu qeyd etmişdi. Mənim isə bu sahədə heç təcrübəm yox idi və bu mənim bank sektorunda ilk işim olacaqdı. Buna görə də mən, cavab olaraq qeyd etmişdim ki, “Əminəm, siz mənə bu şansı versəniz, mən 3 ay müddətində 2 illik təcrübəni mənimsəyəcəm”. Bu cavabımı müsahibə götürən şəxs çox bəyəndi və nəticə olaraq, mən işə qəbul edildim. Əslinə qalsa isə, bu mənim özgüvənimdən irəli gələn bir cümlə idi. Bundan sonra, 2015-ci ildən başlayaraq, Mərkəzi Bankda işləməyə başladım. Mərkəzi Bankda işlədiyim müddətdə – 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradıldı. Bu zamana qədər ixtisasımla əlaqəli hər hansı işdə işləməyi arzulayırdım, buna görə də, MBNP-də hüquq sahəsi əlaqədar işlərin çox olacağını nəzərə alaraq, bu iş təklifini qəbul etdim. Qısa müddət ərzində böyük təcrübə qazanacağımı düşünürdüm və həqiqətən də elə oldu. Elə o zamandan – MBNP yarandığı gündən etibarən orada işləyirəm. Orada hüquq təcrübəmə adi hüquqşünas olaraq, ən aşağı pillədən başladım, sonralar isə aparıcı hüquqşünas və böyük hüquqşünas olaraq vəzifəmdə irəliləməyə başladım. Bu yaxınlarda isə, Maliyyə Bazarlarına Nəzarət Palatası Hüquq təminat idarəsinin rəisi vəzifəsinə layiq görüldüm. Ötən il biz, önəmli bir layihə – Təminatlı əqdlər sistemində “Ölkədə daşınar əmlakla bağlı girov institunun təkmilləşdirilməsi” layihəsi üzərində işləyirdik. Bununla əlaqədar olaraq, ölkədə daşınar əmlak vasitəsilə girov qoyub kredit əldə etmək üçün Palatanın tərkibində Daşınar Əmlakın Dövlət Reyestri yaradıldı. Layihənin həyata keçirilməsində aktiv iştirak etmişdim. MBNP rəhbərliyinin apardığı uğurlu siyasət isə Doing Business 2019 hesabatında Getting Credit (Kreditlərin əlçatanlığı) indeksi üzrə 100 pillə irəliləyərək 22-ci pillədə qərarlaşmağımıza səbəb oldu. Bu layihədə iştirakıma görə də, cənab Prezidentimiz tərəfindən 2018-ci ilin noyabr ayında “Tərəqqi medalı”na layiq görüldüm.
Mən kənd uşağı olmuşam. Düzünü desəm, kənd şəraitində məktəb həyatının çətinliyi tamam başqa olur. Məktəbli ikən biz, hava soyuq olanda sinifə növbə ilə odun və neft aparardıq. Birimiz neft aparanda, digərimiz isə odun aparardı. Kənddə böyümək, həqiqətən də, çox çətindir. O günləri yaxşı xatırlayıram. Həm maddi cəhətdən çətinliklər yaşadığımıza, həm müharibə ərəfəsi olduğuna görə, o zaman çox çətin zamanlar yaşayırdıq.
Düşünürəm ki, təhsil mövzusunda mənim bir növ bəxtim gətirib. Çünki valideynlərimin hər ikisi təhsilli və təhsilə meylli insanlar olub, buna görə də, mənim də təhsilim mövzusuna çox həssas yanaşıblar. Ailənin dünyagörüşü yüksək olanda, bu uşağa da təsir göstərir. Yaxud da, uşağın yaxşı bir mühitlə əlaqədə olması önəmli xüsusiyyətə malikdir. Baxmayaraq ki, mən artıq uzun illərdir, Bakıda yaşayıram, amma hələ də, özümü region gənci hesab edirəm və düşünürəm ki, region gəncləri yüksək potensiala sahibdirlər. Lakin onlar üçün yaradılan şərait bir qədər zəifdir. Əslində nəzərdə tutduğum şərait üçün çox böyük vəsait də tələb olunmur, sadəcə həvəs və ya istiqamətləndirmə düzgün yöndə deyil. Məsələn, mənim bakalavr təhsili aldığım universitetdə tələbələr birinci kursda oxuyarkən, hər biri yüksək bal topladıqlarına görə hər biri özlərinə çox güvənirdilər. Müəllimlər isə, bu mənada onların gözləntilərini qarşılamırdılar və ya qarşılaya bilmirdilər. Düzünü desəm, bunu təhsillə əlaqədar bir mövzu hesab etmirəm. Əgər bu mövzuda rayon və kəndlərdə müəyyən təlim və ya seminarlar keçirilsə, bu insanlara müəyyən dərəcədə təsir göstərə bilər. Uğurdan danışan birinin özünün də uğurlu bir şəxs olması vacibdir. Yəni sizə, hər hansı müəllim kitabdan bir məlumat verə bilər, lakin siz görərsiniz ki, bu məlumat reallıqda öz əksini tapmır. Məsələn, mən cavan olduğuma görə, hələ ki, özümü ümumilikdə uğurlu bir şəxs hesab etmirəm, lakin müəyyən sahələr vardır ki, o sahələrdə müəyyən qədər uğurluyam. Buna misal olaraq, bildiklərimi ötürə bilmək bacarığını qeyd edə bilərəm. Yəni, bir məlumatı birinə ötürə bilmək üçün, ilk öncə onu özünün mükəmməl səviyyədə bilməsi lazımdır. Uğur da məhz belə bir şeydir, bir insana uğurlu olmağı öyrətmək istəyirsənsə, mütləqdir ki, özün də, zamandan asılı olmayaraq, kifayət qədər uğurlu olmalısan.
Düzünü desəm, mən gənclik mövzusunda özümü bir qədər optimist hesab edirəm. Mənə görə tendensiya yaxşıya doğru gedir. Lakin bizdə gənclərin təhsilə meyilliliyi bir qədər zəifdir. Bu həm məktəblərə, həm də universitetlərə təhsil alan gənclərə şamil olunur. Əgər mən tələbə olsaydım, ilk sırada edəcəyim işlərdən biri də çox sayda xarici dil öyrənmək olardı. Çünki dil bilmək, birbaşa informasiya resurslarına çıxış deməkdir. Bu gün ki dövrdə İnformasiyanın genişliyi, dünyagörüşü artırmaq baxımından, hətta istəməsən belə, rus, ingilis və ya başqa bir dili mükəmməl səviyyədə öyrənmək məcburiyyətindəsən. Əlavə olaraq, qeyd edə bilərəm ki, bizlərin də emosional zəka tərəfdən də zəif cəhətlərimiz var. Çünki insanlarımız müəyyən səbəblərə görə, aqressivdirlər və hər şeyə görə əsəb keçirirlər. Həmçinin, cəmiyyətimizin bu durumunu da inkişaf etdirməliyik. Bu cür problemin formulunu zamanında Platon verib. Özümü çox da ağıllı göstərmək istəmirəm, lakin, həqiqətən, Platonun bu mövzudakı yanaşması çox doğrudur, baxmayaraq ki, ingilis dilindən azərbaycan dilinə tərcümədə bir qədər qəribə alınır. Platon, bu problemin həllini “xoşbəxt cəmiyyət”-i formalaşdırmaqda görürdü. Platona görə isə bu “xoşbəxt cəmiyyət”-i formalaşdırmağın bir neçə yolu vardır. Bunlardan birincisi kimi, o, “Think more”, yəni çox düşünmək lazım olduğunu qeyd edirdi. Həqiqətən də, insan atacağı hər addımdan əvvəl çox düşünməlidir. Beyninizdə özünüz üçün xəyali bir dost yaradın, onunla hər hansı bir mövzuda müzakirələr aparın, yaxud özünüz özünüzlə danışın. Yəni bir növ duallıq olmalıdır, bir addım atırsınızsa və ya bir qərar verirsinizsə, bu addımın və ya qərarın digər tərəflərini düşünmək lazımdır, laqeyd şəkildə qərar vermək, addım atmaq olmaz. Doğru qərar verməyin yolu isə özünü tanımaqdan keçir. Yəni, maraqlarının, istəklərinın, həmçinin səni xoşbəxt edən digər şeylərin nə olduğunu bilməlisən. Qərarını da məhz bu faktorları nəzərə alaraq verməlisən. Əgər verəcəyin qərarlar, atacağın addımlar barəsində ətraflı düşünməsən, bunun təhlükəsi ondan ibarətdir ki, artıq sən cəmiyyətin qoyduğu qaydalarla həyatına davam edəcəksən. Cəmiyyət daxilində ümumi qəbul edilmiş bəzi fikirlər vardır. Məsələn, “Şöhrət hər kəsə lazımdır”, “Pul hər şeyi həll edir”, və yaxud “Mütləq universitetə qəbul olmalısan”, “Əgər cavansansa, mütləq evlənməlisən” və s. tipli fikirlərlə artıq hamımız tanışıq. Əgər sən özün düşünməsən, o zaman bundan sonrakı həyatını cəmiyyətin axınına qapılaraq yaşamalı olacaqsan. Düşünürəm ki, əsas məsələ də, məhz bundan ibarətdir. Məsələ bundan ibarətdir ki, mən heç vaxt yaşadığım ölkəni və cəmiyyəti dəyişmək fikrində olmamışam, çünki, mənim fikrimcə, tək bir fərd heç vaxt cəmiyyəti və dünyanı dəyişə bilməz, yalnız özünü dəyişdiyin anda buna nail ola bilərsən. Ona görə də, insan ilk növbədə, özünü dəyişməlidir. Mənim qısa müddətli məqsədlərim arasında bəzi şəxsi və karyera hədəflərim vardır, amma əsas hədəfim, hər zaman gördüyüm işi hər kəsdən yaxşı görmək olub. İnsan gördüyü işə professional yanaşmalıdır, həmin sahədə ən yaxşılardan biri deyil, hər kəsdən ən yaxşı biri olmalıdır.
Uzun müddətli hədəflərim və ölkənin inkişafı ilə bağlı düşüncələrimə gəldikdə isə mən yenə də vurğulamaq istəyirəm ki, cəmiyyətdə dəyişikliyə səbəb olmaq üçün şəxsi hədəflərə yönəlmək lazımdır. Yəni mən, özümü bir fərd olaraq, inkişaf etdirsəm və müəyyən peşəkar bacarıqlara yiyələnsəm, bu elə yaşadığım cəmiyyətə və ölkəyə fayda vermək deməkdir. Birbaşa ölkə və cəmiyyətə investisiya qoymaq mümkün deyil, lakin özümüzə investitsiya qoymaqla, ölkə və cəmiyyətə də təsir etmiş oluruq.
Mən hazırda ölkədəki gənclər siyasətini bəyənirəm. Qeyd etdiyim kimi, MBNP-də işləyirəm və bu gün bizdə cavan kadrların sayı kifayət qədər çoxdur. 4-5 il bundan öncə biz, gənc olaraq, hər hansı dövlət qurumuna telefon açanda onlar zənglərə cavab vermirdilər, lakin indi şəxsən şahidi oluram ki, bu zənglərin ardı-arası kəsilmir. Cənab Prezidentimiz tərəfindən vəzifələrə təyin olunan şəxslərə də nəzər yetirəndə görürük ki, gənclərin sayı gündən-günə artır və məhz bu, gənclər siyasətinin uğurla həyata keçirildiyini göstərir. Çünki artıq yanaşma fərqlidir. Bir insana vəzifə verilməsi üçün onun yaşı deyil, təcrübə və savadı çox olmalıdır. İşinlə professional şəkildə məşğul olursansa, mütləq bu, bir gün qiymətləndirilir. Əgər sənin, həqiqətən də, bacarığın varsa, sən Azərbaycan kimi bir ölkədə mütləq iş tapacaqsan. Elə bir insan ola bilməz ki, işini yaxşı bacarsın, lakin bu mənada, qiymətləndirilməsin. Mən Fransada magistr təhsilini dövlət deyil, öz hesabıma almışam. Fransa təhsilimlə bağlı maraqlı bir macəram da var. Deməli, mən universitetin bakalavr dərəcəsini bitirdikdən sonra, hərbi xidmətə yollandım. Lakin səhhətimlə bağlı olaraq, 12 gündən sonra hərbi xidmətdən geri qaytarıldım. Bundan sonra, pul qazanmaq üçün, AzərSun Holdinq MMC-də ixtisasımla əlaqəsi olmayan bir işdə data-analiz araşdırmaçısı olaraq, işləməyə başladım. Bir il boyunca işləyib, bir qədər pul yığdıqdan sonra, magistr təhsili almaq üçün Fransaya yollandım. Birinci il üçün təhsil haqqı olaraq, 3000 € ödədim, ikinci ildən başlayaraq isə, ödənişsiz ixtisasda təhsilimi davam etdirdim. Təhsil müddətinin bir ilini geridə qoyduqdan sonra işləməyə qərar verdim və türk qardaşlarımızla Parisdə 3 ay boyunca fəhlə işlədim. Bu müddət ərzində, İtaliyanın dünyaca ən görkəmli hüquq şirkətlərindən birində ödənişsiz təcrübə proqramında iştirak etmək şansı qazanmışdım. Lakin pul qazanmaq üçün bu təcrübə proqramını təxirə saldım. Fəhlə olaraq işlədiyim 3 aylıq müddətin sonunda Tuluza gələrək Brüsselə getmək üçün hazırlaşdım və Brüsselə hüquq təcrübəsi əldə etmək üçün işləməyə getdim. Təsəvvür edin ki, dünənin “fəhlə”si bu gün artıq Brüsseldə dünyaca tanınmış ən görkəmli hüquq şirkətində işləyirdi.
Mənə elə gəlir ki, ölkəmizdə vətənpərvərliyin “marketinq”-i bir qədər yanlış və standart şəkildə həyata keçirilir. Vətənpərvərlik bayraq qaldırmaq, vuruşmaq və ya düşməni “söymək” demək deyil. Mən həm xaricdə, həm də burada olarkən, xeyli müşahidə etmişəm ki, gənclərimiz xarici bir vətəndaş gördükdə, sanki bu, onların vətənpərvərlik vəzifəsi imişcəsinə onların qarşısında erməniləri pisləməyə başlayırlar. Əslində isə, gənclərimizin bu hərəkəti qarşı tərəfi qıcıqlandırır. Məncə vətənpərvərlik öz ölkən, cəmiyyətin barədə xoş, gözəl sözlər deməkdir. Xaricdə olarkən öz davranışlarına fikir verməlisən, çünki sən yalnız fərd olaraq deyil, həm də ölkənin – Azərbaycanın bir vətəndaşı olaraq təmsil olunursan.
Tural Feyzullayev, Maliyyə Bazarlarına Nəzarət Palatası.
Gənclər Təşkilatı Milli Şurası