3 C
Baku
Saturday, December 14, 2024

Rusiya bankına Azərbaycanda nə lazımdır?

Bu yaxınlarda Rusiya “Qazprombank”ı Bakıda öz investisiya imkanlarını nümayiş etdirdi. Azərbaycanda həyata keçirilən genişmiqyaslı investisiya layihələrinin reallaşdırılması ilə müşayiət olunan dərin iqtisadi islahatları nəzərə alsaq, ən böyük Rusiya banklarından birinin imkanları xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, bir çox ölkələr Qərb sanksiyaları ilə bağlı risklərdən qorxaraq bu gün Rusiya biznesiylə əməkdaşlıqdan çəkinirlər. Belədə Bakının özünü Rusiya biznesinin nəhənglərindən biri ilə, hansı ki, az qala iqtisadiyyatın bütün sferalarında maliyyələşdirmə dəstəyi təklif edir, bağlamasına dəyərmi?

Dərhal qeyd edək ki, “Qazprombank” ilə yüksək səviyyədə əməkdaşlıq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qurulub. Xatırlatmaq kifayətdir ki, bu yaxınlarda təntənəli surətdə istismara verilmiş SOCAR Polymer-in, həmçinin “Azərkimya” İB-in modernləşdirilməsi layihələrini məhz “Qazprombank” maliyyələşdirib. Belə ki, SOCAR Polymer-in maliyyələşdirilməsinə bank 489 milyon dollar krediti ayırıb. “Azərkimya” müəssisələrinin modernləşdirilməsi üçün ayrılmış 250 milyon dollar məbləğində kredit də tam mənimsənilib. Yeri gəlmişkən, dövlət zəmanəti ilə 3 ilə ayrılmış bu kredit qismən ödənilib, amortizasiya prosesi davam etdirilir. Ötən ilin payızında isə bank həmçinin Azərbaycan layihələrində tələb olunan rus avadanlıqlarının və xidmətlərinin tədarükünün dəstəklənməsi üçün SOCAR və Rusiya İxrac Mərkəzi ilə müqavilə bağlayıb.

Lakin bankın SOCAR ilə daha böyük planları var. İdarə Heyətinin sədr müavini Famil Sadıqovun sözlərinə görə, bank SOCAR GPC kompleksinin tikinti layihəsinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlıdır və onun həyata keçirilməsi üçün 400-800 milyon dollar ayıra bilər. Bu nəhəng kompleks isə hər il 9,1 milyard kubmetr təmizlənmiş qaz, 600 min ton aşağı və yüksək təzyiqli polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin, həmçinin daxili istifadə üçün 32 min ton buten-1, 21 min ton heksen-1 istehsalı deməkdir.

Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNZ) yenidən qurulmasının bir hissəsi kimi isə koks istehsalı layihəsi nəzərdən keçirilir. Məsələ ondadır ki, bankın müştərisi – Rusiya nəhəngi “Rusal” bu məhsulun istehlakçısıdır və onu əldə etmək, genişləndirmək, yəni bu zavodu bərpa etmək niyyətini bildirib. Bununla yanaşı, bank bunu SOCAR ilə birgə layihənin maliyyələşdirilməsi prinsipi üzrə həyata keçirir, bunun üçün hər bir əsas var. Bəli, əvvəlcədən imzalanmış müqavilə var, məlumdur ki, bu məhsulu satın alacaqlar, iştirakçı məhsulu istehsal edəcək, bank isə bunu maliyyələşdirəcək. Bank üçün layihə kiçikdir, amma effektivdir. Söhbət 200-400 milyon ABŞ dolları məbləğində vəsaitdən gedir.

Bəli, “Qazmprombank” və SOCAR hər il genişlənən sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Amma budur, iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan hökuməti adından bankın ölkə iqtisadiyyatının digər sektorlarına yardım etməsini arzuladı. O xüsusilə maliyyə axınının aqro-sənaye kompleksinə çatmasını, kiçik və orta müəssisələrin onun imkanlarından faydalana bilməsini arzuladığını söylədi.

Famil Sadıqov cavabı gecikdirmədi. Onun sözlərinə görə, “Qazprombank” Azərbaycanda kənd təsərrüfatı və infrastruktur layihələrinin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir. Söhbət kənd təsərrüfatı sahəsində sənaye müəssisələrinin yaradılması və avtomobil yollarının tikintisi layihələrindən gedir.

Ümumilikdə, “Qazprombank” ölkədə fəaliyyətini üç istiqamətdə inkişaf etdirmək niyyətindədir. Əgər birinci istiqamət SOCAR-la əməkdaşlıqla bağlıdırsa, ikincisi yerli banklara yönəlib, çünki orta biznes sahəsində layihələrin həyata keçirilməsi onlarla əməkdaşlıq etmədən mümkün deyil. Üçüncü sahə bankın “Şimali-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri və digərləri kimi beynəlxalq infrastruktur layihələrində iştirakıdır.

Gördüyünüz kimi, “Qazprombank” əməkdaşlığın hökumətimiz üçün ən vacib olan sahələrini dəqiq şəkildə müəyyən edib. Yəni, bu sahələr hər iki tərəf üçün xüsusi maraq doğurur, belə bir əməkdaşlıq, ehtimal ki, yalnız daha da güclənəcək və genişlənəcək. Sanksiyalar və digər maneələrə gəldikdə, həm bank, həm də Azərbaycan tərəfi onlardan yan keçməyi çoxdan öyrəniblər. Və istisna deyil ki, yaxın gələcəkdə Bakıda Rusiyanın yeni bankının filialı açıla bilər-Qazprombank”.\virtualaz.org

Son xəbərlər
Digər xəbərlər