“Diqlas” Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilir.
Görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edir.
H. Mövsümov bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək: “Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək”.
Mövsümov əlavə edib ki, zirzəmidəki mallara ziyan dəyməyib.
A. Qasımov deyib ki, yaxın günlərdə komissiya üzvlərinin iştirakı ilə “Diqlas”a baxış keçiriləcək.
©Qafqazinfo