İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin mart ayı üçün sayı təqdim olunub.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-fevral ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.
Göstərilib ki, 2019-cu ilin yanvar-fevral aylarında Azexport.az portalına 145,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 22,3 faiz artıb.
Bu ilin fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 53,9 milyon ABŞ dolları təşkil edib və 2018-ci ilin fevral ayı ilə müqayisədə 16,3 milyon ABŞ dolları və ya 43,4 faiz artıb.
2019-cu ilin yanvar-fevral ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (13%), Rusiya(12,4%), ABŞ (7%), Hindistan (7%) və Gürcüstan (5,9%) qərarlaşıb.
Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2019-cu ilin 28 fevral tarixinə kimi (26 ay ərzində) Azexport.az portalına dünyanın 123 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 134,7 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, cari ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 6,8 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən sahibkarlara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 20,1 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.