“AccessBank”ın İdarə Heyəti “Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər çəkən müştərilərinin kreditlərinin restrukturizasiyası barədə qərar qəbul edib. Bu barədə Banker.az-a Bankdan deyilir.
“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, yanğın baş verəndən sonra bankda müvafiq komissiya yaradılıb. Sədr qeyd edib ki, yanğın nəticəsində zərər çəkən müştərilərin kreditlərinin restrukturizasiyası barədə qərar həmin komissiyanın topladığı məlumatlara əsasən qəbul edilib: “Qərara əsasən, 2019-cu ilin aprelin 2-dən etibarən maddi zərərlə üzləşmiş müştərilərin cari mikro kreditlər üzrə 6 ayadək güzəşt müddəti verilə bilər. Güzəşt müddəti ərzində illik faiz dərəcəsi 10% təşkil edəcək. Qeyd edim ki, komissiya işini davam etdirir və toplanan məlumatlar əsasında biz gələcəkdə əlavə güzəştlərin edilməsini də nəzərdə keçirə bilərik“.
Anar Həsənov onu da bildirib ki, bankın təklif etdiyi güzəştdən 31 sahibkar faydalana bilər. Sədr əlavə edib ki, restrukturizasiya olunacaq portfelin həcmi 200 min manatdan çoxdur.
“Dövlət ticarət mərkəzində baş verən yanğın nəticəsində zərərlə üzləşən sahibkarlara öz dəstəyini verdi. “AccessBank” da belə çətin günlərdə müştərilərinə dəstək verməyi özünə borc bildi“, – deyə o vurğulayıb.
Qeyd edək ki, “AccessBank” hər zaman çətinliklə üzləşən müştərilərinə yardım əlini uzadıb.
“Diqlas” ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib.
Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb. Yaxın vaxtda sahibkarlara kompensasiyaların ödənilməsinə başlanılacaq.