7 C
Baku
Thursday, December 12, 2024

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. 

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

2. Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:

3.1. sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;

3.2. məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;

3.3. hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;

3.4. hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

3.5. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;

3.6. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;

3.7. məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;

3.8. mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.

4. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apellyasiya instansiyası məhkəmələrinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:

5.1. hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın;

5.2. hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırsın, bu sahədə tətbiq edilən meyarları təkmilləşdirsin;

5.3. hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etsin;

5.4. ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə aşağıdakı sahələrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqini aparsın:

5.4.1. məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi;

5.4.2. məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi;

5.4.3. qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki:

6.1. məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün;

6.2. ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirsin;

6.3. məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

7.1. məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün;

7.2. məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni öyrənsin və həmin təcrübənin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyü barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etsin və müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:

7.5.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etsin;

7.5.2. “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün;

7.5.3. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün;

7.6. mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirsin.

7.7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.8. birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

8. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 3.1-ci və 3.4–3.6-cı bəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanmasında iştirak etsin;

10.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə aşağıdakı məsələlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

10.2.1. məhkəmələrdə mövcud olan iş yükünü nəzərə alaraq, onlara məhkəmə icraatının təmin edilməsi, o cümlədən kargüzarlığın aparılması üçün ayrılan vəsaitin ehtiyaclara uyğun artırılması;

10.2.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə məhkəmə infrastrukturunun təkmilləşdirilməsi və məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılması.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

12. Məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılsın.

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

13.1. dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

13.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il.

 


 

Son xəbərlər
Digər xəbərlər