Azərbaycanda qeyri-neft sektoru üzrə tədiyyə balansında müsbət meyillər davam edir. Bunu “Fitch Ratings” agentliyinin Bakıda keçirdiyi tədbirdə çıxışı edən Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmisi Azər Ələsgərov bildirib.
Onun sözlərinə görə, turizm xidmətləri balansında müsbət saldo qorunur. Bundan başqa, tədiyyə balansının ilkin və təkrar gəlirlər balansında da müsbət meyillər var: “Bu şəraitdə valyuta bazarında tarazlı bir vəziyyət mövcuddur. Valyuta bazarı özünü tənzimləmə rejimində işləyir. Ölkənin strateji valyuta ehtiyatları artır. Ölkənin valyuta ehtiyatları kifayətlilik üzrə beynəlxalq normaları üstələyir. İnflyasiya aşağı düşməsi və valyuta bazarının tarazlıq şəraitində ölkədə dollarlaşmanın azalması davam edir”.
A.Ələsgərov onu da əlavə edib ki, mövcud şəraitdə Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinə yönəlib və AMB makroiqtisadiyyata xələl gətirmədən iqtisadi artımı və maliyyə sabitliyini dəstəkləməyə çalışır.
ONA i.a