Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin məlumatlarına əsasən 2019-cu ilin yanvar-mart aylarında qeydiyyata alınmış əmək müqavilələrinin sayı (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 66 min artıb.
Banker.az Nazirliyə istinadən xəbər verir ki, onlardan 70 faizi, yəni, 47 500-ü özəl, qalanı dövlət sektorunda bağlanıb.
“Əmək müqaviləsi əsasında çalışmaq işçinin gələcək sosial təminat hüququna əsas yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq və s. kimi hüquqlar verir. Həmçinin əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmaları baxımından xüsusi önəm kəsb edir”, deyə nazilikdən qeyd kimi bildirilir.
Xatırladaq ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınmışdı.







